Kosovonun paytaxtı Priştina şəhərində 22-30 sentyabr tarixlərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi start götürüb. Yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizəyə qoşulacaq. Onların arasında bizim yığmanın da üzvləri var.
Onlardan ikisi – Murad Əliyev və Rüstəm Qasımov artıq körpücük üzərindədirlər. Onların hər ikisi 15 yaşlı atletlərin 56 kq çəki dərəcəsində medal mübarizəsinə qoşulublar.
Murad Əliyev birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğursuz başa vuraraq bu hərəkəti sıfır nəticə ilə bitirdi.
O, təkanla qaldırma hərəkətində 105 kq-ı ram etməyi bacardı və bu hərəkətdə 9-cu oldu.
Rüstəm Qasımov isə birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib. Ardıcıl olaraq, 92, 96 və 100 kq-ı ram edən atletimiz bu hərəkətdə Avropanın ən yaxşısı oldu. Üstəlik, 100 kq-ı başı üzərinə qaldırmaqla birdən qaldırma hərəkətində türkiyəli Toptaş Caner məxsus olan Avropa rekordunu (99 kq) yeniləməyi bacardı.
Rüstəm təkanla qaldırma hərəkətində də möhtəşəm çıxış etdi. Qasımov növbə ilə 112, 118 və 121 kq-ı başı üzərinə qaldırmaqla bu hərəkətdə Avropada hamıdan yaxşı olduğunu sübut etdi.
Toplamda 221 kq (100+121) nəticə əldə edən Rüstəm Qasımov yeniyetmələr arasında Avropa birinciliyinin qalibi adını qazandı!
Ötən il Polşanın Novı Tomısl şəhərində keçirilən Avropa birinciliyində 50 kq çəki dərəcəsində çıxış etmiş və bürünc medala layiq görülmüş Rüstəm, bu il daha yaxşı nəticə əldə etməyi qarşısına məqsəd qoymuşdu. Hələ bu ilin fevralında yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibi olanda sentybarda Avropa çempionu olmaq istədiyini bildirmiş, inamını qeyd etmişdi. Çox sevindiricidir ki, gənc atletimiz bu arzusunu yerinə yetirdi.
Rüstəmin bu möhtəşəm qələbəsində ən kiçik belə əməyi olan hər kəsi təbrik edir, onlara təşəkkürümüzü bildirir, idmançımıza da qarşıdakı yarışlarda da uğur əldə etməyini arzulayırıq.
Əhsən, Rüstəm!