Rəhman Kazımov gümüş medal qazandı!

Kosovonun paytaxtı Priştina şəhərində 22-30 sentyabr tarixlərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi başa çatır. Yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizəyə qoşulub. Onların arasında bizim yığmanın da üzvləri var idi.

Bu gün onlardan sonuncusu – Rəhman Kazımov körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan oğlan atletlərin +94 kq çəki dərəcəsindəki yarışına qatılıb.

Rəhman birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirib və 115 kq nəticə ilə bu hərəkətdə 2-ci olub.

Kazımov təkanla qaldırma hərəkətində 149 kq-ı ram edərək bu hərəkətdə 3-cü pillədə qərarlaşıb.

Toplam 264 kq (115+149) nəticə göstərən atletimiz yekun sıralamada uğur qazanıb və Avropa birinciliyində 2-ci yeri tutaraq gümüş medal qazanıb.

Yığma komandamızın çıxışını major notda başa vuran Rəhman Kazımovu təbrik edir, ona qarşıdakı yarışlarda da fəxri kürsüdə yer almasını arzulayır, bu qələbədə əməyi olan hər kəsə təşəkkür edirik.

Əhsən, Rəhman!

Paylaş
Şərh yaz