Hacı Əskərov – 100!

Azərbaycan ağır atletikası tarixində iz qoymuş, bu idman növünün inkişafında müstəsna xidmətləri olmuş şəxslərdən biri – Hacı Abrek Məşədi Həsən oğlu Əskərovun anadan olmasından 100 il ötür. Bu böyük idman xadiminin xatirəsini yad etmək, onu uca tutmaq hər bir ağır atletika sevərin borcudur. Əskərov bütün həyat yolu, atdığı addımlar, həm təməlini qoyduğu, həm də başa çatdırdığı yüzlərlə işlər, ümumilikdə fəaliyyəti ilə gənc nəsillərə daima nümunə rolunu oynayacaqdır. Azərbaycan ağır atletikası onun kimi böyük insanların əməyi sayəsində zirvələrə yüksəlmiş, adından söz etdirə bilmişdir. Bizim üzərimizə düşən iş isə Hacı Əskərovu unutmamaq, unutdurmamaqdır. Bu səbəbdən Azərbaycan Ağır Atletika Federasiyası sizi onun həyat tarixçəsi ilə tanış edir. Oxuyaraq bu şəxsiyyəti bir daha tanımaq, ona təşəəkür etmək imkanımız olacaqdır.

 

Ev təhsilindən müəllimliyə qədər
Hacı Abrek Məşədi Həsən oğlu Əskərov 1917-ci il sentyabrın 22-də Gəncə şəhərində anadan olub. Onun atası Məşədi Həsən Hacı Cabbar oğlu I gildiya tacir, anası Hacı Salman bəy İbrahimli qızı Ruhsarə xanım olub. İlkin təhsilini evdə alıb. 1925-32-ci illərdə Gəncənin 7 illik məktəbində oxuyub. Daha sonra Bakı Neft Texnikumuna qəbul olunub və onu 1936-cı ildə bitirib. 1936-37-ci illərdə Tərtər rayon Kənd Təsərrüfatı Texnikumunda rəsmxətt və bədən tərbiyəsi müəllimi işləyib.

 

Əlaçı, idmançı, müəllim, rekordçu və…
Həmin dövlərdə Bakıda yradılmış Zaqafqaziya Cismani Mədəniyyət İnstitununun Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna (ADBTİ) çevrilməsi ölkədə böyük bir hadisə olmaqla yanaşı, yüksək səviyyəli mütəxəssislərin hazırlanması üçün gözəl şərait yaratdı və tədris planına əsasən digər ixtisas fənləri ilə bərabər ağır atletika və boks da tədris olunmağa başladı. İdmana olan sevgisi böyük olduğundan təhsilini davam etdirmək üçün 1937-ci ildə ADBTİ-yə daxil olan Əskərovun ağır atletika istedadı ortaya çıxır. O, ilk yarışdaca birdən qaldırma hərəkətində Respublika rekordunu yeniləyir. 1938-ci ildə Naxçıvanda keçirilən Azərbaycan çempionatında yarımyüngül (60 kq-ə qədər) çəkidə qızıl medal qazanır. Bir il sonra Bakıda “Dinamo” idman sarayında keçilən ölkə çempionatında yüngül çəki – 67,5 kq-da yenidən fəxri kürsünün ən yüksək pilləsinə qalxır. 1940-cı ilin yanvarında keçirilən Azərbaycan çempionatında 60 kq-da o, birdən qaldırmada 88,6 kq-ı ram edərək yenə də rekordla qızıl medal əldə edir. Həddindən atıq bacarıq və qabiliyyəti ilə tələbə yoldaşlarından fərqlənməsi institut rəhbərliyinin gözündən yayınmır və milli kadr çatışmazlığı üzündən o, 1939-cu ilin sentyabrından həm də aşağı kurs tələbələrinə ağır atletikadan dərs deməyə başlayır. Əskərov 1941-ci ildə institutu bitirərək ali təhsil diplomu əldə edir.

 

…döyüşçü!
Ancaq yaxşı idmançı və müəllim olmaqla bərabər, yaxşı da vətəndaş olan Əskərov müharibəyə qoşulmaya bilməzdi. O, 1941-ci ildə Böyük Vətən Müharibəsin iştirak üçün könüllü şəkildə ordu sıralarına qoşulur. Öncə cəbhəyə hazırlıq məqsədilə Qorki Avto-moto zirehli tank məktəbinə, sonra oradan Sızran Tank Məktəbinə keçirilir. 1942-ci ildə ön cəbhəyə göndərilir və Şimal-Qərb bölgəsində vuruşmağa başlayır, Kursk, Oryol, Pskov və başqa şəhərlərin faşistlərdən azad edilməsində iştirak edib, böyük şücaət nümayiş etdirir. Məhz bu əzmkarlıq, qorxmazlığına görə Hacıya Qafqazda şücaəti ilə fərqlənən insanlara verilən “Abrek” ləqəbi verilir. Sonradan hərbi titul və mükafatları ona məhz Hacı Abrek adı ilə təqdim edirdilər. Elə idman aləmi və ictimaiyyət də onu belə tanıyıb.

 

Qəhrəman əzmkarlığı!
Təəssüf ki, Nevel şəhəri ətrafındakı döyüşlər zamanı Hacı Əskərov onurğa sütununda çox ağır yaralanır. O, hospitalda bir ildən çox qarnı üstə yatmalı olur, tərpənə bilmir. Hətta durum o qədər ağır olur ki, həkimlər belə ümidlərini itirirlər. Sonunda tutulmuş ayaqlar, ömürlük əlil arabasına məhkum kimi ordudan təxris edilən Hacı, Vətənə 2-ci qrup əlil kimi qayıdır. Həkimlərin diaqnozu ilə razılaşmayan Əskərov, böyük əzmkarlığı, həyat sevgisi ilə yenidən ayağa qalxa, hətta idmana da qayıda bilir. Cəmi 7 ay ərzində özünün fikirləşdiyi texnika, metod, təmrinlər, sadə alət və mexanimzlərlə yeriməyi öyrənir, fəal həyat yaşamağa başlayır. Motokross və ağır atletika üzrə dəfələrlə Azərbaycan çempionu olur.

 

Böyük insan, böyük şəxsiyyət
Hacı Əskərovun çalışqanlıq və əzmkarlığı sərhəd tanımır. O, 1944-46-cı illərdə Azərbaycan Mərkəzi avto-moto klubunda işləyir, sonra isə Gəncə Bədən Tərbiyəsi Texnikumuna direktor təyin edilir.
Burada bir il işlədikdən sonra, 1947-ci ilin sentyabrında Bakıya qaytarılır və ADBTİ-nin “Ağır atletika, bosk və güləş” kafedrasına rəhbər gətirilir. O, bu postu tutan ilk azərbaycanlı olur. Sonrakı dövrlərdə kafedraya İlya Odinov, Abbas Ağalarov, Hacı Məmmədov və Şüa Hüseynov rəhbərlik ediblər.
Hacı Əskərov 1948-ci ildə ADBTİİ avto-moto klubunun sədri və ağır atletika kafedrasında müəllim, 1950-ci ildə dekan (həmin ildə Bədən tərbiyəsi və idman əlaçısı fəxri adına layiq görülür), 1955-də qiyabi fakültənin direktoru, 1972-ci ildə pedaqoji fakültənin dekanı işləyib.
Azərbaycan dilində ilk idman dərsliyinin müəllifi olan Hacı Əskərov 1965-ci ildə Respublikanın Əməkdar Məşqçisi, 1962-ci ildə Ümumittifaq, 1965-ci ildə isə Beynəlxalq dərəcəli hakim adına layiq görülüb və buna nail olan ilk azərbaycanlı kimi tarixə düşüb.

 

Titul dolu həyat və yüzlərlə davamçı
Uzun müddət Respublikanın ağır atletika yığmasının baş məşqçisi olmuş Əskərovun hazırladığı idman və təhsil üzrə mütəxəssislər Azərbaycanın bütün bölgələrində çalışıblar. Onların içərisində Məmməd Üseynov, Vadim Maroçkin, Şüa Hüseynov, Qubad Cəbrayılov, Fərid Eyubov, Aleksey Kostyuçenko, Goyçayda Nazim Orucov, Naxçıvanda Yusif Əhmədov, Sabirabadda Arif skərov, Gəncədə Oleq Luqovski, həmçinin Aleksey Kulkov, Yusif Yusifov, Vəli Əliyev, Oqtay Rzayev, İsmayıl İsmayılov və başqaları var.
Hacı Əskərov “Böyük Vətən Müharibəsində igidliyə görə” (1943-cü ildə) medalı, “Qızıl Ulduz” (1943) ordeni, “Qələbə” (1945, 1950, 1970, 1972), “Əmək veteranı”, “Şərəfli əməyə görə” medallarına layiq görülmüş, SSRİ-də Ali təhsil sahəsində əməyinə görə “İşində əla uğurlar” görə döş nişanı təltif olunmuşdur.
Hacı Əskərov 14 aprel 1987-ci ildə, müalicə üçün getdiyi Kanadada vəfat edib.
Vətəni, xalqı, peşəsini sevən, əsl qəhrəmanlıq nümunəsi olan Əskərov Hacı-Baba Abrek Məşədi Həsən oğlunun keçdiyi çətin və şərəfli həyat yolu gənc idmançılar üçün bir nümunədir. Onun əziz xatirəsini yaşatmaq, gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur.

Azərbaycan Ağır Atletika Federasiyası

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz