AAAF kollektivi Şəhidlər Xiyabanını ziyarət etdi

1990-cı ilin 20 yanvar günü tariximizə ümümxalq hüzn günü kimi daxil olub. Artıq həmin tarixdən 28 il ötür. Hər il olduğu kimi bu dəfə də Şəhidlər Xiyabanına insan axını olub.
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) kollektivi də Şəhidlər Xiyabanını ziyarət edib. Geniş heyətlə mərasimə qatılan əməkdaşlarımız, şəhidlərin ruhuna ehtiramlarını ifadə edib, məzarlar önünə qərənfillər düzüblər.
Şəhidlər Xiyabanını ziyarət gün boyu davam edib. Onminlərlə böyük-kiçikli sıravi vətəndaş şəhid olmuş insanları yad edib, ruhuna dualar oxuyublar. Ziyarət zamanı yeniyetmə və məktəblilər də həmin qanlı gündə vətən yolunda canından keçən şəhidlərimizi anıblar. 10 yaşlı Duyğu Səmədzadə xalqının vətənpərvər övladı kimi yetişdiyini və şəhidlik zirvəsinin ən yüksək yerdə dayandığını şeiri ilə ifadə etdi.
20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb. Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.
20 yanvar günü Azərbaycanın əbədi mübarizlik, qəhrəmanlıq tarixidir. Qürur mənbəyimiz olan şəhidlərə Allahdan rəhmət diləyirik!

Paylaş
Şərh yaz