Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) öz rəsmi saytında Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) dopinqlə mübarizəsini təqdir edən məqalə yayımlayıb. Fevralın 15-də AAAF və Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə keçirilən növbəti anti-dopinq seminarı qurumun diqqətini cəlb edib.
IWF Pekin və London Olimpiya Oyunlarında idmançılardan götürülən analizlərin yenidən testdən keçirilməsi nəticəsində müsbət nəticə verən dopinq hallarına görə 1 (bir) illik diskvalifikasiyaya məruz qalan federasiyaların işinə nəzarət edir. Rəsmi saytda yer alan və Azərbaycanın fərqləndirildiyi məqalədə də məhz bu məqama diqqət yetirilir: “Yarışlardan kənarlaşdırılmış Milli ağır atletika federasiyalarında anti-dopinq maarifləndirmə seminarlarına nəzarət edən və onlara mədəni dəyişiklik üçün dəstək verən IWF-in istiqamət verdiyi sonuncu belə seminar Azərbaycanda başa çatıb. Yerli federasiyalar IWF-in genişmiqyaslı meyarları çərçivəsində hər dörd ayda ən azı bir dəfə anti-dopinq seminarları təşkil etməlidirlər. 2017-ci il dekabr ayından etibarən Ermənistan, Azərbaycan, Çin, Qazaxıstan, Moldova, Türkiyə və Ukraynada bu addımlar atılıb”.
Məqalənin davamında dopinqlə mübarizənin vacibliyi və bu mübarizədə belə seminarların böyük əhəmiyyət kəsb etməsi vurğulanıb. IWF prezidenti Tomaş Ayan da təmiz idman, sağlam mübarizə üçün çalışmaların davam etdiriləcəyi, belə tədbirlər vasitəsilə istəklərinə nail olmağa çalışacaqlarını qeyd edib.