AAAF-ın stendi marağa səbəb olub

Martın 5-də Bədən Tərbiyəsi və İdman Günü münasibətilə müxtəlif tədbirlər təşkil olunub. Bunlardan biri Fəvvarələr meydanında baş tutub. Tədbirdə 40-dan artıq idman federasiyası, idman təşkilatları və qurumları öz stendlərini nümayiş etdiriblər.

Onların içərisində Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) stendi də olub və xüsusi diqqət çəkib. Burada bu idman növünün tarixi, Azərbaycanlı ağır atletləri əldə etdikləri nailiyyətlər, federasiyanın fəaliyyətini əks etdirən və yeniyetmə ağır atletlərin təlim-tədrisində müstəsna rolu olan “Zirvə” liseyi barədə ayrı-ayrılıqda hazırlanan bukletlər, jurnallar nümayiş etdirilib, ziyarətçilərə təqdim edilib. Monitor vasitəsilə müxtəlif yarışlardan və görülən işlər barədə videoroliklər yayınlanıb. Stendin qarşısında isə ağır atletika körpücüyü qurulub, 175 kq ağırlığında ştanq qoyulub. Gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, AAAF-ın vitse-prezidenti və MOK baş katibinin müavini Azər Əliyev, idmançılar və idman ictimaiyyətinin nümayəndələri stendlə tanış olub, federasiya və idman qurumlarının nailiyyətləri və fəaliyyətlərinin əsas istiqamətləri, gələcək planları haqda məlumatları dinləyiblər. Mötəbər qonaqlarla yanaşı, sıravi vətəndaşlar da stendlə yetərincə maraqlanıb, suallar verib, razılıqlarını ifadə ediblər.

Sonra müxtəlif viktorinalar təşkil olunub. İdmançıların nümunəvi çıxışları iştirakçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.

Tədbir konsert proqramı ilə davam edib.

Həmin gün “5 mart-Bədən tərbiyəsi və idman günü” münasibətilə ağır atletikanın inkişafında və təbliğində xidmətləri olan bir neçə mütəxəssisə fəxri adlar verilib.

Qeyd edək ki, hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub.

Paylaş
Şərh yaz