Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatının rəsmi açılışı mərasimi baş tutub. Tədbirdə çox sayda ağır atletika sevər, həmçinin Azərbaycan Ağır Atletika Federasiyası (AAAF), Azərbaycan Gənclər və İdman Nazirliyinin rəsmi şəxsləri, digər qonaqlar iştirak ediblər.
Mərasimi giriş sözü ilə AAAF-ın 1-ci vitse-prezidenti Tofiq Heydərov açıb. O, yarış iştirakçılarını salamlayaraq bu yarışın Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyinə həsr olunduğunu bildirib: “100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu tarixi əbədiləşdirmək üçün 2018-ci ili Xalq Cümhuriyyəti ili elan edib. Biz də bu səbəbdən builki ağır atletika üzrə Azərbaycan çempionatını məhz bu tarixə həsr etdik. Azərbaycan dünyanın ən yaxşı inkişaf edən ölkələri sırasındadır. Burada bütün sahələrlə yanaşı, idman da zirvələri fəth edir. Bu çempionatın təşkilində məqsədimiz də əsasən idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır. Əminəm ki, ağır atletlərimiz həmişə olduğu kimi bu il də qələbələr qazanacaq, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməkdə davam edəcəklər”.
Sonra yarışlar rəsmən açıq elan olunub.
Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Daha sonra Azərbaycan ağır atletikasının inkişafında rolu olan şəxslər – veteran idmançılar, sabiq məşqçilər, hakim və digər mütəxəssislər təltif olunublar. Yuri Ryabov, Qalib Babayev, Şüa Hüseynov, Tofiq Cəbrayılov, Mirzə Hüseynov, Vaqif Zeynalov, Vaqif Hüseynov, Vladimir Jilyayev, Məmməd Üseynov, Nizami Əhmədzadə və Qubad Cəbrayılova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan çempionatının xüsusi xatirə plaketləri təqdim olunub.
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action