Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı başlayıb. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.
Yarışın gedişatı zamanı Azərbaycan Ağır Atletika Federasiyasının birinci vitse-prezidenti Tofiq Heydərov jurnalistlərə müsahibə verərək Azərbaycan çempionatı barədə ətraflı bilgi verərək bu il təşkil olunacaq bütün yarışların Xalq Cumhuriyyətimizin 100 illiyinə həsr ediləcəyini diqqətə çatdırdı:
“Azərbaycan çempionatı müntəzəm olaraq təşkil edilir. Cənab prezident İlham Əliyev bu ili “Cumhuriyyət ili” elan etdikdən sonra biz də il ərzində keçiriləcək bütün yarışlarımızı Xalq Cumhuriyyətimizin 100 illiyinə həsr etmişik. Bu yarışın əsas məqsədi isə yığma komandanın heyətini yenidən formalaşdırmaqdır. Çünki qarşıda bizi çox böyük yarışlar gözləyir. Bildiyiniz kimi, ilin sonunda dünya çempionatı olacaq və burada Tokioda keçiriləcək Olimpiya oyunlarına lisenziyalar verilməyə başlanacaqdır, bunun üçün lisenziya xallarını yığmağın zamanıdır. Bundan başqa, bizim yeniyetmələrin Yay Olimpiya oyunlarında bir lisenziyamız var.
Tofiq Heydərov müsahibə zamanı Azərbaycan çempionatında iştirakçı sayının ildən-ilə artdığını da bildirdi:
“Bu yarışlara ancaq dərəcə normativlərini yerinə yetirə bilən idmançılar iştirak hüququ əldə edirlər. 1 ay bundan əvvəl zona birincilikləri keçirildi. 4 zona üzrə keçirilən yarışlarda 500-ə yaxın idmançı iştirak edib. Məhz o yarışlardan seçilən idmançılar ölkə çempionatlarında yer alıblar. Elə çəki dərəcələri var ki, orada 3-4 ağır atlet iştirak edir, amma o demək deyil ki, bizim bu çəki dərəcələrində yalnız bu qədər idmançımız var. Sadəcə bu çəki dərəcələrində normativi doldurmayan iştirakçılar bu yarışa buraxılmır”.
Tofiq Heydərov son olaraq martın əvvəlində Bakıda və Sumqayıtda açılan yeni zallar barədə də danışdı və əlavə etdi ki, ilin sonunadək daha 7 zalın açılışı gözlənilir.
“Demək olar ki, biz bütün bölgələrimizdə ağır atletika mərkəzlərinin açılmasını planlaşdırmışıq. Burada həmçinin mütəxəssilərimiz və məşqçilərimiz işlə də təmin olunur. Bundan başqa, digər ağır atletika növləri üçün də şərait yaradılır”.