Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatına start verilib. Körpücük üzərinə ilk olaraq qadın ağır atletlər çıxıblar. Onlar Sinkleyr cədvəli üzrə mütləq qalibi müəyyənləşdiriblər. Qızıl medala toplam 169 kq (74+95) nəticə və 253.42 xalla Səbinə Əzimova sahib çıxıb.
Qalib idmançı qələbə sevincini AAAF TV ilə bölüşüb və yarışdakı çıxışından razı qaldığını dilə gətirib: “Yarış çox yaxşı keçdi, çalışdım və nəticə də qazandım. Gələn yarışlarda da yaxşı nəticələr əldə etməyə çalışacam. Baş məşqçi başda olmaqla, bütün məşqçilərimə təşəkkürümü bildirirəm”.
Səbinə Əzimovanın şəxsi məşqçisi Taleh Hüseynov da AAAF TV-yə müsahibə verərək idmançının çıxışını dəyərləndirib və ölkə çempionatının yüksək səviyyədə təşkil olunduğunu bildirib.