Ağır atletika üzrə Misir yığması Azərbaycanda təlim-məşq toplanışı keçirdi

Ağır atletika üzrə Misir yığma komandasının Azərbaycanda təlim-məşq toplanışı baş tutub. Üç həftəlik hazırlıq mərhələsini Azərbaycan Ağır Atletika Federasiyasının mərkəzi məşq bazası olan AAAF Park Yaşayış Kompleksində keçirən qonaqlar, artıq vətənlərinə dönüblıər.
30-ya yaxın idmançı, məşqçi və mütəxəssis heyəti ilə gələn qonaq komandanın məşq prosesi olduqca uğurlu olub. Onlara AAAF tərəfindən də bütün dəstək göstərilib. Belə ki, yığma üzvləri üçün AAAF Parkda rahat qidalanma, qalma, məşq, gəzinti və bu kimi geniş imkanlar yaradılıb. Misir Ağır Atletika Federasiyasının prezidenti Məhəmməd Məhcub da məşqlərin birində AAAF TV-yə müsahibə verərək təlim-məşq toplanışlarının yüksək səviyyədə keçdiyini, onlar üçün hər bir şəraitin yaradıldığını qeyd edib: “Biz ötən il IV İslam Həmrəyliyi Oyunları zamanı da Bakıda olmuşduq. Budəfəki toplanışımız isə 3 həftə davam etdi və təxminən 30-a yaxın heyətlə məşqlərimizi etdik. Burada hər şey çox yaxşıdır – təşkilatçılıq, qidalanma, qalma, məşq üçün məkanlar və s. İnsanlar da çox qonaqpərvərdir. Toplanış zamanı heç bir çətinliyimiz olmadı, hər şey yüksək səviyyədə təşkil edildi. Toplanış zamanı xeyli gəzmək imkanımız da oldu, həm də yaxşı vaxt keçirdik və istirahət də etdik”.
Azərbaycan və Misir Ağır Atletika Federasiyaları arasında aparılan müzakirələrdən sonra qərara alınıb ki, gələcəkdə hər iki ölkənin yığma komandalarının həm Misirdə, həm də digər xarici ölkələrin birində birgə təlim-məşq toplanışı keçirilsin.
Məlumat üçün bildirək ki, Misir yığma komandasından öncə ağır atletika üzrə Səudiyyə Ərəbistanı millisi də 3 həftəlik toplanışını məhz Azərbaycanda reallaşdırıb. Misir kollektivindən sonra daha bir neçə ərəb regionu ölkələri və digər yığma komandalar da Azərbaycana gələrək toplanış keçməyi planlaşdırır.

Paylaş
Şərh yaz