Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi start götürüb. Əvvəlcə yarışın açılış mərasimi baş tutub. Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) I vitse-prezidenti Tofiq Heydərov çıxış edərək ölkədə idmana göstərilən dövlət qayğısından danışıb. O, əlavə edib ki, hazırda ağır atletika idman növü yeni inkişaf dövrünü yaşayır. Tofiq Heydərov sonda Azərbaycan birinciliyində iştirak edən bütün idmançılara uğurlar arzulayıb.
Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə yarış açıq elan edildi. Mərasim zamanı həmçinin ağır atletika üzrə tanınmış mütəxəssis Məmməd Üseynovun vəfatı ilə əlaqədar 1 dəqiqəlik sükut elan edildi.
Hər il baş tutan Azərbaycan birinciliyi bu dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub. Bu yarışda iştirakçı sayının çoxluğu da diqqət çəkir. Yarışın daha bir mahiyyəti ondan ibarətdir ki, burada uğurlu çıxış edən idmançılar iyun ayında İtaliyada baş tutacaq Avropa birinciliyində iştirak edəcək komandannı tərkibində yer almaq imkanı qazanır.
Yarışda ilk olaraq körpücük üzərinə yaşı 15-ə qədər olan oğlanlar çıxıb. Onlar 50 kq çəki dərəcəsinin B qrupunda mübarizə aparıblar. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edib. B qrupunda qalib adını toplam 108 kq (50+58) çəki ilə Hüseyn Ağayev qazanıb. Sonra körpücük üzərinə yaşı 15 və 17-yə qədər olan qızlar çıxıb. Onlar yaş qrupları üzrə Sinkleyr cədvəlinə əsasən mütləq qalibləri müyyən ediblər. Yaşı 15-ə qədər olan qızların mübarizəsində toplam 136 kq (59+77) çəki və 191.41 xalla Səma Mayılova qalib gəlib. Yaşı 17-yə qədər olan qızların mübarizəsində isə toplam 133 kq (63+70) çəki və 194.91 xalla Lalə Rzazadə qızıl medala layiq görülüb. İlk yarış günündə daha sonra A qrupunda 50 və 56 kq çəki dərəcələri üzrə oğlanlar mübarizə aparıblar.