Ağır atletlərə beynəlxalq yarışlarda iştirak icazəsi verilib

Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) İcraiyyə Komitəsinin qərarına əsasən 2017-ci il 19 oktyabr tarixindən etibarən Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) 1 (bir) il müddətində bütün yarışlarda təmsilçilik hüququndan məhrum edilmişdi. Qərara səbəb 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında ağır atletlərimizin dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verməsi idi. Bunun nəticəsində 9 ölkəyə – Azərbaycan, Rusiya, Çin, Moldova, Qazaxıstan, Türkiyə, Belarus, Ermənistan və Ukraynaya bir illik diskvalifikasiya tətbiq olunmuşdu.
Cəza müddətinin azaldılması üçün bu ölkələrin federasiyalarının qarşısında müəyyən edilən meyarlara uyğun xidmət etməsi şərti qoyulmuşdu. Bu meyarlara tam riayət ediləcəyi halda, yüngülləşdirmə qaydası qüvvəyə minəcək, idmançı (gənclər və böyüklər) və texniki nümayəndələr səviyyəsində cəzanın son 2 ayından, həmçinin yeniyetmə atletlərin yarışlarda iştirakı üçün son 4 ayından azad edilmə tətbiq edilə biləcəkdi.
Böyük sevinclə qeyd etmək olar ki, Azərbaycan qarşıya qoyulan bütün tələbləri yerinə yetirib və IWF ölkəmiz və federasiya ilə bağlı müsbət qərar qəbul edərək ilkin mərhələdə yeniyetmə ağır atletlərin yarışlara buraxılmasına icazə verib. Bu barədə AAAF-a beynəlxalq qurumdan rəsmi məktub göndərilib.
IWF-nin məktubunda qeyd olunur ki, “qurumun keçən ilin oktyabr ayında diskvalifikasiya edilmiş 9 üzvü arasında anti-dopinq fəaliyyətini nəzərdən keçirmək üçün yaradılmış Müstəqil Monitorinq Qrupu (IMG) əhəmiyyətli irəliləyişləri qeyd edib. Cəza müddətində bu 9 üzv sanksiya və dəstək arasında uyğun bir balans təmin etmək üçün yerinə yetirilməsi lazım olan dəqiq meyarlarla tanış edilmişdilər. Azərbaycan Ağır Atletika Federasiyası həmin tələbləri yerinə yetirərək qarşıya qoyulan məqsədlərinə nail olub. Bu səbəbdən də Azərbaycan yığma komandalarına 19 İyun 2018-ci il tarixindən etibarən yeniyetmələr, 19 avqust 2018-ci il tarixindən isə gənclər, böyüklər və texniki rəsmilərlə yarışlarda təmsil olunma icazəsi verilir”.
Bu qərara əsasən, Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandası bu ilin 22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçiriləcək 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyində iştirak etmək hüququna yiyələnir.
Bununla yanaşı, 6-13 oktyabr tarixlərində Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçiriləcək Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarında da Azərbaycan ağır atleti iştirak edəcəkdir. Bu yarışa lisenziyanı ölkəmiz ötən il 01-09 aprel tarixlərində Tailandın paytaxtı Banqkok şəhərində keçirilən yeniyetmələrin dünya birinciliyində əldə etmişdi.
Hazırda Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandası Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasında təlim-məşq toplanışındadır. İdmançılar qarşıdakı yarışlara ən yüksək şəraitdə hazırlaşırlar.

Paylaş
Şərh yaz