Avropanın ən yaxşısı yenə də Azərbaycandır: ağır atletika tariximizə qızıl hərflərlə yazılacaq zəfər!

22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi keçirildi. 40-dan çox ölkədən 400-ə yaxın atletin iştirak etdiyi turnirdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxdılar. Millimizin üzvləri möhtəşəm çıxış edərək həm ölkəmizi layiqincə təmsil etməyi bacardılar, həm də adlarını idman tariximizə həkk edə bildirlər. Bir il əvvəl Kosovonun paytaxtı Priştinada qazanılan böyük qələbənin təsadüfi olmadığı, həyata keçirilən məqsədyonlü fəaliyyətin nəticəsində daha da inkişaf etdirildiyi, zirvələrə yüksəldildiyi növbəti dəfə sübut olundu. Azərbaycan ağır atletikasının gənc nəsli bir daha Avropanın ən yaxşısı, ən güclüsü olduğunu göstərdi, gələcək uğurlarının təməlinin möhkəm qoyulduğunu dünyaya nümayiş etdirdi. Milanda qazanılan nailiyyət həm də idmanımıza göstərilən dövlət diqqət və qayğısının nəticəsi, təcəssümüdür.

 

Möhtəşəm qələbələr!
Ağır atletlərimizdən körpücük üzərinə ilk olaraq Elvin Şükürzadə çıxdı. O, yaşı 15-ə qədər olan oğlanlarda 50 kq çəki dərəcəsində birdən qaldırma hərəkətində 78 kq nəticə ilə kiçik gümüş medalçısı adını qazandı. Toplam 173 kq (78+95) nəticə ilə Şükürzadə Avropa birinciliyinin yekun sıralamasında 4-cü yeri tutdu. Ancaq qeyd etmək lazımdır ki, onu medaldan cəmi 1 kq ayırdı.

Ömər Cavadov yaşı 17-yə qədər olan oğlanlarda 50 kq çəki dərəcəsində qüvvəsini sınadı. Atletimiz birdən qaldırma hərəkətində 88 kq nəticə ilə qızıl medal qazandı, eyni uğuru təkanla qaldırma hərəkətində də davam etdirdi. O, bu dəfə 102 kq-ı ram edərək bu hərəkətdə Avropanın gümüş medalçısı oldu. Toplam 190 kq (88+102) nəticə göstərən Ömər Cavadov Avropa birinciliyinin qalibi adını qazandı.

Elşən Məmmədov və Fuad Həsənov yaşı 15-ə qədər olan oğlanların mübarizəsində 56 kq çəki dərəcəsində yarışdılar. Fuad Həsənov 92 kq nəticə ilə birdən qaldırma hərəkətində, 110 kq nəticə ilə isə təkanla qaldırma hərəkətində 2-ci olaraq gümüş medala sahib çıxdı. O, toplam 202 kq (92+110) nəticə ilə Avropa birinciliyinin yekun sıralamasında da gümüş medal qazandı.

Ötən il Kosovonun paytaxtı Priştinada keçirilən Avropa birinciliyində bürünc medal qazanan Elşən Məmmədov isə bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Atletimiz birdən qaldırma hərəkətində 98 kq nəticə, təkanla qaldırma hərəkətində isə 114 kq nəticə ilə Avropanın ən yaxşısı adına layiq görülüb. Məmmədov toplam 212 kq (98+114) nəticə ilə Avropa birinciliyinin yekun sıralamasında da fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.

Murad Əliyev isə yaşı 15-ə qədər olan oğlanların mübarizəsində 62 kq çəki dərəcəsində qızıl medala sahib çıxdı. O, birdən qaldırma hərəkətində 100 kq, təkanla qaldırma hərəkətində isə 118 kq nəticə ilə bütün rəqiblərini üstələdi. Toplam 218 kq (100+118) nəticə ilə Murad Əliyev bu çəkidə Avropanın ən yaxşısı adını qazandı.

Rüstəm Qasımov yaşı 17-yə qədər olan oğlanların mübarizəsində 62 kq çəki dərəcəsində qüvvəsini sınadı. Yeniyetmələr arasında 2016-cı il Avropa birinciliyinin bürünc, 2017-ci ildə isə qızıl medalçısı olan atletimiz birdən qaldırma hərəkətində 117 kq-ı ram edərək bu hərəkətdə kiçik gümüş medala sahib çıxdı. Təkanla qaldırma hərəkətində atletimizin bəxti gətirmədi və o 137 kq nəticə ilə bu hərəkətdə 6-cı oldu. Toplam 254 kq (117+137) nəticə ilə Rüstəm Qasımov yekun sıralamada 5-ci yeri tutdu.

Millimizin üzvlərindən 2016-cı ildə Polşanın Novı Tomısl şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyinin qalibi olan Füqan Əliyev yaşı 17-yə qədər olan oğlanların mübarizəsində 69 kq çəki dərəcəsində yarışdı. Atletimiz birdən qaldırma hərəkətində 120 kq çəkinin öhdəsindən gələrək bu hərəkətdə 4-cü yeri tutdu. Təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edən Əliyev, 151 kq-ı ram edərək bu hərəkətdə Avropa 3-cüsü ola bildi. Toplam 271 kq (120+151) nəticə göstərən Füqan, yekun sıralamada da Avropa çempionatının bürünc medalını qazanaraq fəxri kürsüyə yüksəlməyi bacardı.

Əli Şükürlü yaşı 15-ə qədər oğlanların mübarizəsində 94 kq çəki dərəcəsində körpücük üzərinə çıxdı. O, birdən qaldırma hərəkətində 120 kq nəticə, təkanla qaldırma hərəkətində isə 145 kq nəticə ilə bürünc medal qazandı. Qeyd etmək lazımdır ki, Əli bu hərəkətdə 3-cü yanaşmasında 152 kq-ı qaldırsa da, hakimlər bu cəhdi qeydə almadılar. Toplam 265 kq (120+145) nəticə ilə Əli Şükürlü Avropa birincilyində 94 kq çəki dərəcəsinin yekun sıralamasında 3-cü yerə çıxdı.

https://www.youtube.com/watch?v=PlxqF-fnpBE

Millimizin üzvlərindən son olaraq Tarmenxan Babayev mübarizəyə qoşuldu. O, yaşı 17-yə qədər oğlanlarn 94 kq çəki dərəcəsində qələbə qazandı. Ötən il Kosovonun paytaxtı Priştinada 6 Avropa rekordu yeniləyərək çempion olan Tarmenxan Babayev bu dəfə də uğurunu təkrarladı. Atletimiz birdən qaldırma hərəkətində 145 kq nəticə göstərərək bu hərəkətdə gümüş medala sahib çıxdı. Təkanla qaldırma 180 kq nəticə göstərən Babayev, bu hərəkətdə bütün rəqiblərini üstələyib qızıl medal əldə etdi. Toplam 325 kq (145+180) nəticə ilə Tarmenxan 94 kq çəki dərəcəsində yekun sıralamada hamıdan üstün oldu və fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Avropa birinciliyinin ikiqat qalibi adını qazandı.

https://www.youtube.com/watch?v=RVUcfvdOmok

Beləliklə, yeniyetmələrdən ibarət yığma komandamız toplamda 4 qızıl, 1 gümüş və 2 bürünc, ümumilikdə isə 22 medal qazanaraq Azərbaycanı layiqincə təmsil etməyi bacardılar.

 

Rekordlarla dolu nəticələr!


Yeniyetmə ağır atetlərin qazandığı medalları daha da dəyərli edəcək məqamlar da çoxdur. Belə ki, bir neçə idmançımızın öhdəsindən gəldiyi çəkilər Azərbaycan tarixinin ən yaxşılarıdır. Ömər Cavadov və Rüstəm Qasımovun birdən qaldırma, Tarmenxan Babayevin təkanla qaldırma hərəkətində ram etdikləri çəkiləri 100 ilə yaxın ağır atletika tariximizdə bu yaşda öz çəkilərində heç kim başı üzərinə qaldıra bilməmişdi. Milanda yarışan və uğur qazanan uşaqlar, şübhəsiz gələcəyin böyük çempionlarıdırlar. Onlar bunu həm əzmkarlıqları, həm də körpücük üzərində əldə etdikləri nəticələrlə sübut etdilər.

 

Avropanın zirvəsində yenə də Azərbaycan var!


Yaşı 15-ə qədər olan yeniyetmə ağır atletlərinin nəticələri açıqlanandan sonra ortaya çıxan mənzərə sadəcə, qürurvericidir. Hələ ötən il, Kosovonun paytaxtı Priştinada keçirilən Avropa birinciliyində medal hesabında bütün rəqiblərini üstələyən Azərbaycan yığması, bu dəfə komanda hesabında gücünü nümayiş etdirə bildi. Azərbaycan yığması 50, 56, 62, 77 və 94 kq çəki dərəcələrində cəmi 8 atletlə mübarizəyə qoşulmuşdu. Burada toplam 550 xal toplayan atletlərimizlə Azərbaycan komanda hesabında Avropa birinciliyinin qalibi adına layiq görüldü. Bu isə o deməkdir ki, ən güclü, ən perspektivli, gələcəyə ən böyük ümid verən ağır atletika komandası bizik. Fantastik nəticədir!


Qızlarımızın uğuru da qeyd olunmalıdır. Uzun illər idmançı qıtlığından əziyyət çəkən, nəticələrə həsrət qalan qadın ağır atletikamızda güclü və perspektivli nəsil yetişməkdədir. Bu, Milanda bir daha öz təsdiqini tapdı. Azərbaycan Ağır Atletika Federasiyasının son zamanlar gördüyü işlər, yaradılan şərait, aparılan təbliğat-təşviqat tədbirləri, atılan çox sayda addımlar Avropa birinciliyində öz effektini verdi. Bu yarışa yaşı 15-ə qədər olan qızlarımız 44, 48, 53, 58, 63, 69 kq-da cəmi 7 nəfərlə qatılmışdılar. Toplam 409 xal toplayan qızlardan ibarət yığmamız komanda hesabında Avropada 3-cü yeri tutdu. Millimiz yalnız İtaliya və Türkiyəli həmkarlarından geri qaldılar. Həqiqətən də, möhtəşəm, xüsusi fərqləndirilərək alqışlanacaq nəticədir! Bu yaş qrupunda çıxış edən qızlarımızın cəmi 13-14 yaşları olması, gələn il bu yarışlarda daha yüksək nəticələr qazanmağımıza ümid verir.
Medal hesabında da oğlanlarımız Avropaya səs salmağı bacarıblar. Onlar 6 qızıl, 4 gümüş və 3 bürünc medal qazanaraq böyük nailiyyət əldə edə biliblər. Bu nəticə ilə komandamız medal hesabında Avropanın 2-ci ən güclü komandası ola bildi.


Yaşı 17-yə qədər yeniyetmə oğlan ağır atletlərin yarışı lisenziya xarakterli olduğundan mübarizə daha da maraqlı oldu. Komandamız bu yaş qrupunda 471 xalla (4 qızıl, 3 gümüş ve 2 bürünc medalla) 4-cü yerə çıxdı. Xatırladaq ki, ötən il Kosovoda keçirilən Avropa birinciliyində bu yaş qrupunda olan atletlərimiz bir medal belə qazana bilməmişdilər. Cəmi bir il sonra əldə edilən bu uğur işlərin, məqsədyönlü fəaliyyətin düzgün aparılmasının nəticəsidir.


Yaşı 15 və 17-yə qədər olan yeniyetmə ağır atletlərimizin qazandıqları cəmi medal sayı isə 22 medal olmuşdur ki, bu da bir rekorddur. Bu sayda biz Avropada yalnız 25 medal qazanan Türkiyə yığmasından geri qaldıq.

 

Ağır atletika inkişaf edir!


Yuxarıda sadalanan nəticələrin yeniyetmələr tərəfindən və ən əsası dopinqsiz qazanılması da vurğulanmalı məqamdır. AAAF-ın dopinqə qarşı mübarizəsi hər keçən gün güclənir. Çox sayda seminarların keçirilməsi, yoxlamaların sayının artırılması, qidalanma və vitaminizasiya məsələsinə xüsusi diqqət yetirilməsi, təlim-tədrisə fikir verilməsi, onun ön plana çıxarılması, elmi əsaslara üstünlük verilməsi, məşq və hazırlıq üçün şəraitin ən yüksək səviyyəyə qaldırılması, təcrübəli mütəxəssislərin rəhbərliyi altında istər ölkədaxili, istərsə də xarici təlim-məşq toplanışlarının fasiləsiz təşkili, paytaxtda və regionlarda ağır atletika zal və komplekslərinin təmiri, bərpası və yenilərinin istifadəyə verilməsi, bütün yaşda olan atletlərin maddi rifahının yaxşılaşdırılması və digər bu kimi işlərin görülməsi nəticəsində azərbaycanda dopinq bəlasının qarşısı alınmaqdadır. Federasiya rəhbərliyi sağlam mübarizə tərəfdarı olduğunu əməli şəkildə sübut edir. Bunun ən bariz nümunəsi, iyun ayının 20-də Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) 2008 və 2012-ci il Yay Olimpiya Oyunlarında idmançılardan götürülən analizlərin təkrar yoxlanışı zamanı ortaya çıxan nəticələrə əsasən 9 ölkəyə verilən cəzanın məhz Azərbaycan üçün yüngülləşdirilməsidir. AAAF-ın dopinqlə mübarizə fəaliyyəti beynəlxalq federasiya tərəfindən təqdir edilmiş, bu işdə başqalarına nümunə kimi göstərilmişdi. Məhz bunun nəticəsində yeniyetmələrimiz Milanda keçirilən Avropa birinciliyində mübarizə aparmaq hüququ əldə etdilər. Nəticə isə göz qabağındadır.

 

Hədəf: Buenos-Ayres və Las-Veqas!


Milanda keçirilən Avropa birinciliyində qeydə alınan nəticələr deməyə əsas verir ki, qarşıdakı illərdə bizi gözləyən vacib yarışlarda yeniyetmə və gənc atletlərimiz daha böyük zirvələri fəth etməyə qadirdirlər. Gələn ilin mart ayının 8-15- tarixlərində ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək yeniyetmələrin dünya birinciliyində azərbaycanlı atletlər rəqiblərini üstələmək, medallar qazanmaq, hətta komanda və medal hesabında yüksək pillələri tutmağa çalışacaqlar. Buna qadir olduqlarına şübhə yoxdur. Bu ilin əsas hadisəsi isə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçirilən Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarıdır. Hələ ötən ilin aprel ayında Tailandın paytaxtı Banqkok şəhərində keçirilən dünya birinciliyində planetin ən güclü komandalarının onluğuna daxil olan, hətta 9-cu illəni tutan Azərbaycan, Olimpiya Oyunların lisenziya qazanmağı bacarmışdı. Bu, bu yarışa ölkəmizdən bütün idman növlərində qazanılan ilk lisenziya idi. Hazırda o lisenziya ilə yarışlarda Azərbaycanı layiqincə təmsil etməyə bir yox, bir neçə namizəd atletimiz var. Milanda keçirilən Avropa birinciliyindəki çıxışlarda qeydə alınan nəticələr deməyə əsas verir ki, biz Buenos-Ayresdən Vətənə qızıl medalla dönə bilərik. Buna ümid və inamımız böyükdür.

 

Təşəkkür edirik!


Azərbaycan ağır atletikası tarixinə qızıl hərflərlə yazılacaq Milan zəfəri ölkəmizin idman salnaməsində də özünə yer tapacaqdır. Məhz belə uğurları nəticəsində gələcək qələbələrin təməli qoyulur. Bu möhtəşəm çempionluqda əməyi olan hər kəsə – idmançılar, məşqçilər, texniki heyət, rəhbərliyə bizə yaşatdıqları böyük sevincə görə təşəkkür edirik. Bütün idman, xüsusilə ağır atletika sevərləri, ümumilikdə Azərbaycan xalqını da bu qələbə münasibətilə də təbrik edirik. Avropanın ən yaxşı ağır atletika komandası olan yeniyetmələrimizin səsi daima zirvələrdən gələcək, unudulmaz qələbələr sayəsində uğurlarımız daima alqış və rəğbətə layiq olacaqdır.

Paylaş
Şərh yaz