Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak etmiş azərbaycanlı idmançılar Bakıya qayıdıblar. Onların içərisində iki ağır atlet – Tarmenxan Babayev və Lalə Rzazadə də olub.
Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılarımızı Azərbaycan Ağır Atletika Federasiyasının rəhbər və nümayəndə heyəti, idmançıların yaxınları, media nümayəndələri qarşılayıblar.
Hər iki idmançımız – Tarmenxan Babayev və Lalə Rzazadə KİV nümayəndələrinə müsahibə verərək yarış barədə fikirlərini bölüşüblər.
Ağır atletika üzrə yığma komandanın baş məşqçisi Asif Məmmədov müsahibə zamanı hər iki ağır atletimizin çıxışına toxunub, qazanılan gümüş medalı Azərbaycan ağır atletika tarixi üçün önəmli hadisə hesab edib.
AAAF-ın baş katibi Rizvan Rəsulov yeniyetmə ağır atletlərimizin Olimpiya Oyunlarındakı mübarizəsini yüksək dəyərləndirərək qarşıdakı digər mötəbər yarışlarda da bu uğurun davamının gələcəyinə ümid edib.
Ağır atletlərimizin uğurlu çıxışına sevinənlər sırasında idmançıların yaxınları və məşqçiləri də olub. Gümüş medalçı Tarmenxan Babayevin babası Vahid Babayev və şəxsi məşqçisi Şəfi Hüseynov ağır atletimizin qazandığı bu naliyyətə görə sevinc hissi keçirdiklərini dilə gətirdilər.
Olimpiya Oyunlarında iştirak etmiş 17 Azərbaycan idmançısından 2-si qızıl, 1-i gümüş, 3-ü bürünc medal qazanıb. Cüdoçu Vüqar Talıbov (66 kq) və sərbəst güləşçi Turan Bayramov (65 kq) qızıl, ağır atlet Tarmenxan Babayev (85 kq) gümüş, taekvondoçu Cavad Ağayev (63 kq), boksçu Nurlan Səfərov (60 kq) və qadın güləşçi Şahanə Nəzərova (43 kq) bürünc medala sahib olub. Bədii gimnast Yelizaveta Luzan isə Beynəlxalq Olimpiya Komitəsinin qarışıq komandasının tərkibində qızıl medal qazanıb. Onun medalı ümumi sıralamada öz ölkəsinin adından göstərilməyib.
Yekunda Azərbaycan komandası medal əyarına görə 208 ölkə arasında 34-ci, medal sayında isə 38-ci yeri tutub.