Əli Şükürlü dünya birinciliyinin bürünc medalçısı oldu!

8-16 mart tarixlərində ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında dünya birinciliyi davam edir. 50 ölkədən 200-dən çox atletin mübarizə apardığı yarışda Azərbaycan milli komandasının üzvləri də iştirak edirlər. Bu gün onlardan daha biri – Əli Şükürlü körpücük üzərinə çıxıb. O, 102 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində 125 kq-ı ram edərək bu hərəkətdə dünya birinciliyinin bürünc medalına sahib çıxıb.

Əli təkanla qaldırma hərəkətində də uğurlu çıxışını davam etdirib. O, 155 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə də bürünc medala yiyələnib.

Toplam 280 kq (125+155) nəticə göstərən Şükürlü yekun sıralamada da 3-cü yeri tutaraq fəxri kürsüyə qalxmağı bacarıb.

Buna qədər Azərbaycan yeniyetmələri arasında yalnız Nailxan Nəbiyev (2009) və Azər Məmmədli (2012) dünya birinciliklərində toplamda medal qazanmağı bacarmışdı. Əli Şükürlü Las-Veqasda bu uğuru təkrarlamaqla adını tarixə yazdırdı.

Atletimizi dünya birinciliyində qazandığı bürünc medal münasibətilə təbrik edir, bu böyük nailiyyətdə əməyi olan hər kəsə təşəkkür edir, qələbələrin davamlı olmasını arzulayırıq!

Paylaş
Şərh yaz