Azərbaycan Ağır Atletika Federasiyasının rəhbərliyi ölkənin bütün bölgələrini təmsil edən ixtisaslaşmış məşqçilər, yerli və beynəlxalq dərəcəli hakimlər, tanınmış idmançılarla görüş keçirib.
Görüşdə ağır atletika idman növünün mövcud durumu, inkişaf potensialı, yerlərdə idman zallarının vəziyyəti, avadanlıqlarla təchizat, atletlərin yarışlara hazırlıq səviyyəsi, Respublika birinciliyinə və beynəlxalq yarışlara hazırlıq və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar yüksək səviyyəli idmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi, ehtiyat qüvvələrin hazırlanması, yığma komandanın formalaşması, idmançılarımızın Olimpiya Oyunlarında, Dünya və Avropa çempionatlarında, həmçinin digər beynəlxalq yarışlarda müvəffəqiyyətli çıxışlarının təmin edilməsi üçün görülməli işlər barədə fikirlərini bölüşüblər.
Qeyd olunub ki, ölkəmizdə ağır atletikanın güclü ənənələri var, bu ənənələrin qorunub-saxlanması və daha da inkişaf etdirilməsi üçün maddi-texniki bazanın genişləndirilməsi son dərəcə vacibdir. Federasiya rəhbərliyi ağır atletikada qadağan olunmuş maddələrin, anaboliklərin və başqa dərman preparatlarının qəbulunun yolverilməzliyini vurğulayıb və bu istiqamətdə geniş təşkilatı işlərin aparılacağını, antiidman halları ilə mübarizənin gücləndiriləcəyini bildirib.
Görüşdə paytaxt və bölgələrdə çalışan məşqçilərlə ayda bir dəfə onlayn toplantının keçiriləcəyi, idmançıların hazırlıq vəziyyətinin, məşqlərin daim nəzarətdə saxlanacağı vurğulanıb.