DADAŞ DADAŞBƏYLİ AZƏRBAYCAN ÇEMPİONATINDA 3 REKORD QIRDI!

9-10 aprel tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı başa çatıb. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayıb. Çempionat gərgin mübarizə, maraqlı görüntülər, idman bayramı ab-havasında keçməsi ilə yadda qalıb.

Kişilər arasında son olaraq körpücük üzərinə çəkisi 89, 96, 102, 109 kq-a qədər və 109 kq-dan çox olan idmançılar çıxıblar. Bu çəkilərdə müvafiq olaraq Kamran İsmayılov, Nailxan Nəbiyev, Əli Şükürlü, Dadaş Dadaşbəyli və Rəhman Kazımov qızıl medala sahib çıxıblar.

Azərbaycan çempionatının zirvə məqamı 109 kq çəki dərəcəsində yaşanıb. Bu çəkidə yarışan Dadaş Dadaşbəyli birdən-birə 3 (üç) Azərbaycan rekordunu qıraraq tarixi nəticəyə imza atıb. Atlet birdən qaldırma hərəkətində 170 kq-ın öhdəsindən gəlib və hazırkı Azərbaycan rekordu – 165 kq-ı 5 kq üstələyib.

Dadaşbəyli təkanla qaldırma hərəkətində də rekord qırıb. 203 kq-ı başı üzərinə qaldıran qobustanlı atlet, Azərbaycan rekordu olan 202 kq-ı 1 kq arxada qoyub.

Bununla yanaşı, toplam 373 kq (170+203) nəticə toplayan Dadaş Dadaşbəyli bu günə qədər mövcud olan rekordu – 367 kq-ı 6 kq yeniləyib.

Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
89 kq
1. Kamran İsmayılov 1993 Sumqayıt Zirvə 86.3 133 159 292
2. Ceyhun Tağızadə 1995 Lənkəran Zirvə 85.7 131 159 290
DSQ Səxavət Babayev 1997 Şamaxı Zirvə 83.1 90 122 212
Sənan Mirzəyev 1999 Bakı Spartak 83.2 130
96 kq
1. Nailxan Nəbiyev 1994 Bakı Spartak 95.50 140 175 315
2. Əliş Nəzərov 1999 Bakı Təhsil 93.00 124 130 254
3. Canəli Əsədov 2003 Qobustan MOİK 89.40 110 127 237
102 kq
1. Əli Şükürlü 2003 Sumqayıt MOİK 96.10 137 165 302
2. Hacı Əlimanov 2005 Bakı Təhsil 98.3 121 156 277
109 kq
1. Dadaş Dadaşbəyli 1996 Qobustan Neftçi 103.8 170 203 373
+109 kq
1. Rəhman Kazımov 2001 Xırdalan Zirvə 114.2 133 175 308

 

 

* Qeyd: AMADA-nın 26 iyul 2022-ci il qərarına əsasən Səxavət Babayevdən götürülən dopinq testin nəticəsi müsbət çıxdığından onun göstərdiyi nəticə ləğv olunmuş hesab edilir.

Paylaş
Şərh yaz