Respublikada ağır atletika idman növünün maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu günlərdə İsmayıllı, Qax və Balakən rayonlarında yeni ağır atletika idman zalları istifadəyə verilib.
“Girdiman”, “Kürmük” və “BAF” ağır atletika klublarının məşq zalları yüksək standartlara uyğun avadanlıqlarla təchiz olunub. Zövqlə dizayn edilmiş zallarda körpücüklər, məşq üçün dəstlər, fiziki hazırlığı yüksək səviyyədə saxlamaq üçün avadanlıqlar yerləşdirilib. Yeni idman zallarda isti döşəmə və havalandırma sistemləri qurulub, paltardəyişmə, duş kabinaları, sauna otaqları, məşqçilərin iş otaqları yaradılıb, idmançıların istirahəti və bərpa prosesi üçün hər cür şərait formalaşdırılıb.
Bölgələrdə ən müasir standartlara cavab verən ağır atletika zallarının istifadəyə verilməsi bu idman növünün gənclər arasında populyarlaşmasını təmin edir. Maddi texniki bazanın yaxşılaşdırılması artıq ağır atletika ilə məşğul olmaq istəyənlərin sayının artmasına səbəb olub. Yeni idman zallarında təcrübəli məşqçilərin rəhbərliyi altında müxtəlif yaş qrupları üzrə sistemli məşqlər keçirilir. Bölgələrdə yeni idman zallarının açılması ağır atletlərin müxtəlif səviyyəli yarışlara, o cümlədən beynəlxalq turnirlərə hazırlığını təşkil etməyə, o cümlədən yığma komandaların təlim məşq toplanışlarının daha yaxşı təşkil olunmasına imkan verəcək.