11-13 mart tarixlərində İsveçin Halmstad şəhərində Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) məşqçilərin lisenziyalaşması pilot proqramının ilkin təqdimatı keçirilib. Avropa Ağır Atletika Federasiyasının (EWF) təşkilatçılığı ilə baş tutan tədbirdə ağır atletika üzrə 100-ə yaxın mütəxəssis iştirak edib ki, onların arasında Azərbaycan yığmasının baş məşqçisi Emil Əliyev və federasiyanın baş katibinin köməkçisi Kamal Axundov da olub.
Seminar zamanı qeyd olunub ki, məşqçilərin və idman idarəçilərinin bilik və bacarıqlarının genişləndirilməsinə ehtiyac var və qeyd olunan proqram bu yolda xüsusi əhəmiyyət daşıyır. Bildirilib ki, lisenziyalaşma layihəsi hələ ki sınaq mərhələsindədir və bu ilin sentyabrında Səudiyyə Ərəbistanında keçiriləcək dünya çempionatından öncə IWF İcraiyyə Komitəsinin iclasında təsdiqlənəcək və Paris 2024-dən sonra məcburi xarakter daşıyacaq. Müvafiq beynəlxalq məşqçilik lisenziyası – Level 1, Level 2, Level 3 və Level 4 – olmayan şəxslər məşqçilik işini həyata keçirə və yarışlarda məşqçi kimi fəaliyyət göstərmək imkanı əldə edə bilməyəcəklər. Bu mexanizm bir sıra digər idman növlərində tətbiq olunur və ağır atletikada da buna ehtiyac vardır.
Mərasim zamanı ötən ilin 5-9 noyabr tarixlərində IWF İnkişaf Proqramı çərçivəsində Azərbaycanda keçirilən Beynəlxalq Məşqçilik Kursu xatırlanıb, təşkilatçılığın yüksək səviyyədə olması xüsusilə vurğulanıb, nümunə kimi göstərilib.
Tədbirdə yeni layihənin detalları barədə məlumat verilib, məşqçilərin hansı prosedurlardan keçməli olduqları izah edilib, onların məsuliyyətləri, xüsusilə etik qaydalara diqqəti yetirmənin vacibliyi vurğulanıb, qanun və qaydalar göstərilib. İştirakçılar beynəlxalq antidopinq qaydaları haqda təqdimat və təlimat, IWF və EWF-in tədris proqramının təfərrüatları ilə tanış olublar.
Sonda iştirakçılara dinləyici sertifikatı təqdim edilib.