Azərbaycan Ağır Atletika Federasiyasının regionlarda ağır atletikaya marağın təmin edilməsi, yeni, gənc nəsil idmançıların yetişdirilməsi, onlara sağlam həyat tərzinin aşılanması məqsədilə xüsusilə ümumtəhsil məktəblərində həyata keçirdiyi təbliğat fəaliyyəti davam edir. Qərb və cənub zonalarımızdan sonra növbə şimal-qərbə çatıb.
Federasiya nümayəndələri Balakən rayonuna səfər edib, buradakı İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada dərslərdən birini ağır atletikaya həsr edilməsini təmin edib. Əvvəlcə, məktəbin 5-ci sinif şagirdləri üçün master-klass təşkil edilib. Gənc mütəxəssis Sərxan Babaşov ağır atletika idman növü, onun tarixi, tanınmış idmançıları, bu idmanın müsbət tərəfləri barədə geniş məlumat verib, köməkçisi vasitəsilə müxtəlif hərəkətləri, onların düzgün yerinə yetirilmə qaydalarını göstərib.
Daha sonra dərs Balakənin BAF klubunun yeni istifadəyə verilən zalında davam etdirilib. Burada məktəblilər ağırlıqqaldıranların məşqlərini əyani şəkildə izləmək imkanı qazanıb, bu idman növü ilə bilavasitə və yaxından tanış olublar. Məşq prosesi burada iştirak edən qızlar və oğlanların marağına səbəb olub, onların sualları cavablandırılıb, ağır atletika ilə məşğul olmaq üçün zala gəlmələri tövsiyə edilib.
Federasiya tədrisdə təbliğat prosesini digər regionlarda da davam etdirəcək.