Ağırlıqqaldıranlarımız “İdman festivalı 2023”-də iştirak ediblər

16-20 noyabr tarixlərində Quba Olimpiya İdman Kompleksində “İdman festivalı 2023” keçirilib. Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən builki tədbirə 23 idman növü üzrə yerli 168 idmançı (13-15 yaş) və eləcə də 18 məşqçi, həmçinin Türkiyə və Keniyadan da idmançılar qatılıblar.
Festivalda idmançılara əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri təşkil olunub, müxtəlif rəqs növləri, hərbi-vətənpərvərlik hazırlığı, intellektual oyun, ilkin tibbi yardım, film nümayişi və rəsmi görüşlər keçirilib, Quba şəhərinə ekskursiya təşkil edilib.
Festival zamanı həmçinin gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində tonqal ətrafında iştirakçılarla görüşüb. Ağırlıqqaldırma üzrə Azərbaycan və yeniyetmələr arasında Avropa birinciliyinin qalibi Rüstəm İmanzadənin də iştirak etdiyi görüşdə idmançılarla səmimi söhbət edən nazir onlarla yaxından tanış olub və suallarını cavablandırıb. Görüşdə nazir müavini Mariana Vasileva, Vətən müharibəsi iştirakçıları, qazilər və hərbçilər də iştirak ediblər. Sonda Festivalda hərbçilərin maraqlı nümayişi baş tutub.
Noyabrın 18 və 19-da isə idmançılar şəhərin mərkəzində, Nizami parkında quraşdırılan səhnədə nümunəvi çıxışlar edib, bəzi idman növlərində isə izləyicilər də çıxışlara qatılıblar. Onların arasında ağırlıqqaldırma da olub. Məşqçi Ağalar Muxtarovun rəhbərliyi altında 4 idmançı (2 qız və 2 oğlan) birdən və təkanla qaldırma hərəkətləri, digər nümunəvi çıxışlar ediblər, bu fəaliyyət festivalın qonaqları və sakinlər tərəfindən böyük maraqla qarşılanıb.
Paylaş
Şərh yaz