Mart ayının 28-də ASK Arenanın Konfrans zalında Azərbaycan Ağırlıqqaldırma Federasiyası və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə antidopinq seminarı keçirilib. Tədbirdə bütün yaş qrupları üzrə yığma komandalarımızın idmançı və məşqçi heyəti iştirak edib. Seminarı AMADA-nın Təhsil proqramları üzrə meneceri Qüdrət Səfərov aparıb.
İştirakçılara qadağan olunmuş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, qadağab olunmuş siyahı və onun tərtib olunma meyarları, yarış vaxtı və ondan kənarda test götürülmə qaydaları, idmançıların məkan məlumatları, ADAMS sistemi, Terapevtik İstifadə üçün İstisnalar və digər vacib məqamlar barədə geniş məlumat verilib. Proyektor vasitəsilə deyilənlər əyani şəkildə göstərilib. Seminar interaktiv halda aparılıb, iştirakçılar onları maraqlandıran sualları verərək cavab alıb, maraqlı müzakirələr gedib. Sonda idmançılar anonim antidopinq sorğusunda iştirak edib, onlara maarifləndirici buklet və kitabçalar paylanıb.