Polşada keçirilən Avropa birinciliyi ilə əlaqədar bu ölkəyə səfər edən Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Caludla görüşüb. Söhbət zamanı ölkəmizdə ağırlıqqaldırma idman növünün perspektivləri və inkişaf imkanları ətrafında fikir mübadiləsi aparılıb. Federasiyalararası əməkdaşlığın genişləndirilməsi istiqamətində bir sıra təkliflər irəli sürülüb. AAF-ın uzunmüddətli strateji plan üzrə fəaliyyət göstərdiyini bildirən Firdovsi Umudov, bu işdə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının dəstəyinin önəmini vurğulayıb. Daha sonra gələcək yarışlar, hakim və məşqçi seminarları, təşkilatçılıq məsələləri və akademiyaların işinin təşkili ətrafında söhbət aparılıb. Görüşün sonunda Firdovsi Umudov Məhəmməd Caluda Azərbaycan Ağırlıqqaldırma Federasiyasının xüsusi hədiyyəsini təqdim edib.