Ceyhun Tağızadə Avropa çempionatında öz nəticəsini yaxşılaşdırdı

İsrailin Eylat şəhərində keçiriləcək yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir. Dekabrın 2-10-u tarixlərində olacaq yarışda Azərbaycan yığma komandası da iştirak edir. Bu gün atletlərimizdən Ceyhun Tağızadə yaşı 23-yə qədər kişilər arasında 85 kq çəki dərəcəsində körpücük üzərinə çıxıb.

Atletimiz birdən qaldırma hərəkətində 140 kq, təkanla qaldırma hərəkətində isə 171 kq-ı ram edib. Toplam 311 kq (140+171) nəticə göstərən Tağızadə Avropa çempionatında 8-ci yeri tutub.

Qeyd etmək lazımdır ki, digər atletlərimiz kimi Ceyhun da yer tutmasa da, öz nəticələrini yüksəltməyi bacarıb. Müqayisə üçün deyək ki, Tağızadə bir ay əvvəl keçirilən Azərbaycan Kubokunda 302 kq nəticə göstərmişdi. Bu, atletimizin qısa müddət ərzində inkişafının göstəricisidir.

Paylaş
Şərh yaz