Martın 3-də Azərbaycan Gənclər və İdman Nazirliyində “5 Mart Bədən tərbiyəsi və idman günü” ilə bağlı tədbir keçirilib və bir sıra idman mütəxəssislərinə fəxri adlar verilib. Onların içərisində ağır atletika mütəxəssisləri də var.
Nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov idman ictimaiyyətini qarşıdan gələn bayram münasibəti ilə səmimi qəlbdən təbrik edib, onlara idmanın inkişafında göstərdikləri xidmətə görə təşəkkür edib: “Bildiyiniz kimi, Azərbaycan dünyanın mötəbər idman yarışlarına ev sahibliyi edir. İdmançılarımızın qazandıqları medalların sayı ilbəil artır. Mən sizin hər birinizə çalışdığınız sahədə uğurlar diləyir və vətənimizə layiqli, mərd, cəsur idmançılar yetişdirməyinizi arzu edirəm”.
Daha sonra idman mütəxəssislərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının ölkədə bədən tərbiyəsi və idmanın inkişafındakı, müəssisə və təşkilatlarda kütləvi bədən tərbiyəsi və idman işinin təşkili sahəsindəki xidmətlərini, Respublika miqyaslı yarışları yüksək səviyyədə idarə etdiklərini, məşqçilik sahəsində uzun illər fəaliyyət göstərdiklərini və müvafiq idman növlərində tələb normalarını yerinə yetirdiklərini nəzərə alaraq, eləcə də müvafiq idman təşkilatları, rayon (şəhər) gənclər və idman idarələrinin təqdimatlarına və 2013-2016-cı illər üçün Vahid İdman Təsnifatına uyğun olaraq aldığı qərar açıqlanıb. Ona əsasən bir neçə ağır atletika mütəxəssisi müxtəlif fəxri adlara layiq görülüb:
“Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi”
Mustafayev Azad Qurbanəli oğlu – “Zirvə” İK-da bədən tərbiyəsi və idman sektorunun müdiri vəzifəsində işləyir.
“Azərbaycan Respublikasının Əməkdar məşqçisi”
Nəcəfov Namiq Mehralı oğlu – Azərbaycan Texniki Universitetinin idman klubunda ağır atletika üzrə məşqçi-müəllim vəzifəsində işləyir.
“Respublika dərəcəli hakim”
Mərdanov Zaur Mərdan oğlu – Ağır atletika üzrə respublika səviyyəli yarışlarda baş hakim kimi fəaliyyət göstərir.
Qasımov Famil Səyyad oğlu – Ağır atletika üzrə respublika səviyyəli yarışlarda baş hakimin müavini kimi fəaliyyət göstərir.
Mustafayev Azər Azad oğlu – Ağır atletika üzrə respublika səviyyəli yarışlarda baş hakimin müavini kimi fəaliyyət göstərir.
Azərbaycan Ağır Atletika Federasiyası olaraq bütün mütəxəssislərimizi bu münasibətlə təbrik edir, gələcək fəaliyyətlərində də uğurlar arzulayırıq!