Ağır atletika üzrə qadınlardan ibarət yığma komandamız Astara şəhərinə təlim-məşq toplanışına yollanıb. Kollektiv böyük məşqçi Natalya Prişepa və köməkçi-məşqçi Təranə Abbasovanın rəhbərliyi altında 18 gün hazırlıq keçəcək. Astarada yenicə istifadəyə verilmiş, Azərbaycan Ağır Atletika Federasiyası və “Zirvə” Beynəlxalq İdman Klubunun birgə inşa etdiyi təlim-məşq bazasında məskunlaşan yığmamız burada ən yaxşı şəraitdə məşqlər edə biləcək. Onların istifadəsinə 150 nəfərlik yarış və 20 nəfərlik ağır atletika məşq zalı, bütün şəraitlə təmin olunmuş paltardəyişmə otaqları, SPA mərkəzi, həmçinin ən müasir avadanlıqlarla təchiz olunmuş geniş fitness zalı, 50 nəfərlik yeməkxana və digər otaqlar verilib.