Məşqçimiz beynəlxalq elmi-praktiki konfransda iştirak edib

Müasir idman daima gündəmin nəbzini tutmaq, mütəmadi maariflənmə, təhsil və ixtisasın artırılmasını tələb edir. Bu baxımdan ağır atletika üzrə gənc mütəxəssislərin təcrübə toplaması, beynəlxalq qayda, yeniliklər və tendensiyaları öyrənməsi və tətbiqi, məşqçilik bacarıqlarının artırılması istiqamətində işlərin aparılması böyük əhəmiyyət daşıyır. Azərbaycan Ağır Atletika Federasiyası bu çalışmaları diqqət mərkəzində saxlayaraq gələcək uğurların təməlini qoymaqdadır.

2-5 mart tarixlərində Slovakiyanın Koşitse şəhərində Avropa Ağır Atletika Federasiyası tərəfindən təşkil olunan ənənəvi Məşqçilərin Elmi-Praktiki Konfransı keçirilib. 22 ölkədən 65 nümayəndə iştirak etdiyi tədbirdə ölkəmizi sabiq ağır atlet, hazırda milli komandanın məşqçilər heyətində yer alan Emil Əliyev təmsil edib. İki günlük konfransda əvvəlcə idman qidalanması, ağır atletika texnikası, funkisonal hazırlıq və digər mövzularda müharizə-təqdimatlar keçirilib. Sonra praktiki dərslərə keçilib. İştirakçılara trenajor zalında müxtəlif mövzulara uyğun seminarlar təqdim edilib. Bütün bu dərslər zamanı dopinqlə mübarizəyə xüsusi diqqət yetirilib, anti-dopinq tədbirləri barədə geniş məlumat verilib.

Emil Əliyevlə söhbət edərək Slovakiyada iştirak etdiyi konfrans barədə fikirlərini öyrəndik. Mütəxəssis səfərinin səmərəli keçdiyini qeyd etdi: “Federasiyamız Koşitsedə keçirilən elmi-praktiki konfransda iştirakımı təmin etdi. Orada qidalanma, texnika və anti-dopinqlə tədbirləri ilə bağlı mühazirə və seminarlarda iştirak etdik. Müəyyən maraqlı nüanslara diqqət yetirildi, məşqçilik işi bağlı əksər məqamlar müzakirə edildi. Xüsusi yeniliklərə rast gəlmədik. Sadəcə, qaydalara bəzi kiçik düzəlişlər edilib. Daha çox “Rusiya məktəbi texnikası” üzərində qurulmuş Konfrans idi də deyə bilərik. Biz Azərbaycan olaraq bu sistemi çox yaxşı bilirik, çünki uzun müddət bu cür məşq etmiş, məşq keçmişik. Yəni Avropa bu tendensiyaya indi gəlirsə, biz artıq çoxdan bu mərhələdəyik. Avropalılar Rusiya, Azərbaycan, Ukrayna, Belarus, Qazaxıstan atletlərinin ştanq qaldırma tərzini, texnikasını bəyənir, ona üstünlük verir, nümunə kimi göstərirlər. Məhz bu səbəbdən də ciddi yeniliklərə şahidlik etmədik. Hər halda, yaxşı təcrübə oldu bizim üçün. Məşqlərin effektivliyinin artırılması, qida qəbuluna nəzarət, dopinqlə mübarizə üsulları kimi vacib məqamlar baxımından səmərəli konfrans kimi qiymətləndirə bilərik”.

EWF Coaches Scientific Conference

EWF Coaches Scientific Conference

Paylaş
Şərh yaz