Dekabr ayının 31-də AAAF Park Yaşayış Kompleksinin Konfrans zalında Azərbaycan Ağır Atletika Federasiyasının yekun tədbiri keçirilib. Mərasimdə 2019-cu ildə əldə olunan nailiyyətlər, görülən işlər, həyata keçirilən layihələr barədə danışılıb.Tədbirdə ağır atletikasının bütün üzvləri – idmançıları, məşqçilər, digər mütəxəssislər, rəhbər şəxslər, bu idmanın inkişafında əməyi keçən veteranlar, ictimai xadimlər iştirak ediblər.
Tədbirdə giriş sözü federasiyanın baş katibi Rizvan Rəsulov çıxış edib. O, qeyd edib ki, 2019-cu il Azərbaycan ağır atletikası üçün uğurlu çıxışlarla yadda qaldı. Bu ilin martında ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmələrin dünya birinciliyində əldə edilən tarixi nəticə – komanda ehsabında 5-ci yer, həmçinin Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclər arasında və İsrailin Eylat şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliklərində əldə edilən çoxsaylı – ümumilikdə 20 medal – 5 qızıl, 4 gümüş və 11 bürünc – medalları yüksək dəyərləndirən Rəsulov, müxtəlif digər beynəlxalq yarışlarda da qələbələr əldə etdiyimizi bildirdi. Baş katib bu il həm də federasiyanın dopinqlə mübarizə fəaliyyətini də davam etdirdiyini və yığma komanda üzvlərinin heç birində belə hal rast gəlmədiyini dilə gətirdi.
Daha sonra təltifat mərasiminə keçildi.
İlk olaraq bu il yubileylərini qeyd edən və Azərbaycan ağır atletikasının inkişafında müstəsna xidmətləri olan veteranlara – Vahid Nəzərov və Akif Alıyevə 60 yaşına, Mirzə Hüseynov, Yuriy Ryabov və Qubad Cəbrayılova 80 yaşına görə plaketlər və hədiyyələr təqdim edildi.
İlin məşqçisi olaraq Toğrul Məmmədli, ilin hakimi olaraq isə Səbinə Rzayeva seçilib. Federasiyaya təşkilati işlərdə daimi dəstəyinə görə “Zirvə” liseyi təltif olunub.
Daha sonra idmançıları mükafatlandırılıb. 2019-cu ildə uğur əldə etmiş atletlərdən Ömər Cavadov, Rüstəm Qasımov, Rəhman Kazımov, Əli Şükürlü, Rəhilə Hüseynova, Elşən Məmmədov, Nurlan Məmmədzadə, Tarmenxan Babayev, Boyanka Kostova, Səbinə Əzimova və Elşad Şərifov ilin ən yaxşı idmançıları seçiliblər.