Dekabrın 23-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə açıq turnirinin açılış mərasimi keçirilib. Yarışın qonaqları çıxış edərək tədbir barədə fikirlərini bildiriblər.
Əvvəlcə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti İsmayıl İsmayılova söz verilib. O, tədbir iştirakçılarını salamlayaraq ölkəmizdə idmanın inkişafının sürətlə davam etdiyini vurğulayıb: “Azərbaycanda idmannın inkişafına dövlət səviyyəsində böyük diqqət və qayğı vardır. Bunun nəticəsidir ki, ölkəmizdə hər il çox sayda beynəlxalq yarışlar təşkil edilir, eyni zamanda bizim idmançılar vətənimizi layiqincə təmsil edirlər. Son günlərini yaşadığımız 2017-ci ildə təmsilçilərimiz 851 medal əldə edərək güclərini ortaya qoyublar. Azərbaycanda keçirilən 55 beynəlxalq yarış da böyük rəğbətə səbəb olub. Onların içərisində medal sayında 1-ci yeri tutduğumuz IV İslam Həmrəylik Oyunları, dünyanın ən populyar yarışlarından olan Formula 1-i və onların ən yüksək səviyyədə təşkilinin fərqləndirmək olar. Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunan yarış da böyük əhəmiyyət daşıyır. Belə turnirlər vasitəsilə gənc nəslin idmana marağı təmin edilir. Məhz Fəxrəddin Şahbazovun timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, onun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ edilir. Ənənəvi turnirin əhəmiyyətini vurğulayır, hər kəsə uğurlar arzulayıram”.
Daha sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov çıxış etdi: “Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunan bu yarış uzun illərdir keçirilir və gözəl ənənə halını alıb. Onun ərsəyə gəlməsində rolu olan bütün qurum və şəxslərə minnətdarlığımızı bildirirəm. AGİN və AAAF rəhbərliyinin, hakim və texniki heyət, veteranların çəkdiyi zəhməti, mərhumun çalışdığı və bu illər ərzində yarışları mütəmadi işıqlandıran AzTV-nin rolunu qeyd etmək vacibdir. Bu yarış vətənəpərvərliyin təbliğidir. Ümummilli lider Heydər Əliyevin yolunun davamçısı, cənab prezident İlham Əliyev də bu məqama böyük diqqət yetirir, gənc nəsildə vətənpərvərlik ruhunun yüksəldilməsi üçün bütün lazımi şəraitin təminin vacibliyini vurğulayır. Azərbaycan idmançıları idman növündən asılı olmayaraq qazandıqları qələbələrlə ölkəmiz üçün çalışır, onun bayrağını zirvələrə qaldırırlar. O qaliblər isə belə yarışlarda yetişirlər. BŞGİBİ-nin dəvətini qəbul edərək gələn hər kəsə bir daha təşəkkür edir, idmançılara uğurlar arzulayıram. Mərhumun ailəsini də salamlayır, başsağlığımı çatdırıram”.
Mərhumun həyat yoldaşı Nəsibə Şahbazova da danışıb. O, yarışda iştiraklarına görə idmançılara təşəkkür edib, Fəxrəddin Şahbazovun ailəsi adından onu hər dəfə yad etdiklərinə, belə yarışlar təşkil etdiklərinə görə təşkilatçılara çox sağ olunu bildirib.
Sonda Milli Qəhrəmanın nəvəsi, babasının adını daşıyan Fəxrəddin “mən Fəxrəddin Şahbazovun nəvəsi olmağımla fəxr edir, onun üçün darıxıram” deyərək, zala toplaşanların alqışını qazanıb.
Yarış açıq elan edilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Sonra çəkisi 69 kq olan atletlər medal mübarizəsinə qoşulublar.