Açılış mərasimi keçirilib

21-22 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək kişilər və qadınlar arasında Azərbaycan çempionatının rəsmi açılış mərasimi keçirilib. Tədbirdə çıxışlar edilib.
Mərasimdə ilk olaraq Azərbaycan Gənclər və İdman Nazirliyinin məsul işçisi Fəxrəddin İsmayılov çıxış edib. O, ölkəmizdə ağır atletikanın inkişafı haqda danışaraq gələcəkdə daha böyük uğurlar qazanılmasına inamını ifadə edib. O, həmçinin Azərbaycanda qadın ağır atletikasının yüksəlişini də qeyd edib. İsmayılov bütün yarış iştirakçılarını yeni mövsümün açılışı barədə təbrik edib və uğurlar arzulayıb.
Daha sonra söz Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulova verilib. O, atletlərimizin 2019-cu ildə uğurlu çıxış etdiyini, həm bu Olimpiya ilində, həm də növbəti illərdə bu xətti davam etdirəcəklərini, yeniyetmə və gənclərdən ibarət yığma komandalarımızın üzvlərinin böyük perspektivlərini daha da inkişaf etdirməyə çalışacaqlarını bildirib.
Sonra çempionat rəsmən açıq elan edilib. Azərbaycan Respublikasının Dövlət Himni çalınıb.

Mərasim zamanı bugünlərdə 60 yaşını qeyd edən təcrübəli mütəxəssis, SSRİ idman ustası, əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Azad Mustafayevin yubileyi fərqləndirilib. Azərbaycan Gənclər və İdman Naziri Azad Rəhimovun xüsusi təbrik məktubu oxunub, ona həyatında yeni uğurlar, müvəffəqiyyətlər arzulanıb, karyerası ərzində Azərbaycan idmanının inkişafı üçün xidmətləri təqdir edilib, təşəkkürlər bildirilib. Mustafayevə Azərbaycan Ağır Atletika Federasiyasının hədiyyəsi də təqdim edilib.

Paylaş
Şərh yaz