Dekabrın 27-də Gənclər və İdman Nazirliyində bir qrup idman mütəxəssisinə fəxri adların təqdim olunması ilə əlaqədar tədbir keçirilib.
Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov cari ildə ölkəmizdə idman sahəsində qazanılan nailiyyətlərdən danışaraq bildirib ki, Azərbaycanda idman siyasətinin nəticəsində idmançılarımız ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil edirlər. Ölkəmizin irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayan nazir Azərbaycanın dünyada idman dövləti kimi tanındığını diqqətə çatdırıb.
Sonra Azad Rəhimov nazirliyin kollegiyasının qərarına əsasən, idman sahəsində fərqlənmiş bir qrup idman mütəxəssisini təltif edib. Onların içərisində ağır atletika mütəxəsisləri də olub. Səfərli Şəmsi Ramazan oğlu və Muxtarov Oktay Novruz oğlu “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” adına layiq görülüblər.
Azərbaycan Ağır Atletika Federasiyası da mütəxəssislərimizi təbrik edir, onlara gələcək fəaliyyətində də uğurlar arzulayır.