Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi 2017-2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini açıqlayıb. Sevindiricidir ki, tələbə adını qazananlar arasında ağır atletika ailəsinin üzvləri də var.
Belə ki, yeniyetmə ağır atletlərimizdən Səbinə Əzimova, İsmayıl Məmmədov, Almazxan Səfərov, Kənan Xəlilov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ağır atletika fakultəsi, məşqçi-müəllimlik ixtisası, Əbülfətzadə Elmar Lənkəran Dövlət Universiteti “Aqrar və mühəndislik” fakültəsi, “Torpaqşünaslıq və aqrokimya” ixtisası, Qardaşzadə Yusif Azərbaycan Dövlət İqtisad Universiteti “Marketinq” fakultəsi, “İstehlak mallarının ekspertizası və marketinqi” ixtisasına qəbul olunub. Bununla yanaşı, təcrübəli mütəxəssis, beynəlxalq dərəcəli hakim Rasim Orucov da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ağır atletika fakultəsi, məşqçi-müəllimlik ixtisasına qəbul olunub.
Kollektivimizin ali təhsil ocaqlarına qəbul olunan hər bir üzvünü bu münasibətlə təbrik edir, onlara uğurlar arzulayırıq!
İstənilən ağır atlet vaxtının əksər hissəsini idmana sərf etdiyindən lazımi təhsil almasında problemlər yaranır. Yarışlar zamanı yaranan fasilələr, məşqlərlə tədris vaxtlarının üst-üstə düşməməsi, bəzən yol uzaqlığı, gediş-gəliş məsələləri prosesə öz mənfi təsirini göstərir. İdmançı isə mütləq yaxşı təhsil almalıdır. Çünki o, ölkənin siması, bayraqdarıdır. İstənilən an Azərbaycanı layiqincə təmsil etməyə, həqiqətləri çatdırmağa, ünsiyyət qurmağa hazır olmalıdır.
Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) bunu çox yaxşı anlayır və yeniyetmə və gənc ağır atletlərin yarışlara hazırlıq üçün ən yaxşı şəraiti qurmaqla yanaşı, onların təhsil alması üçün də çalışmalarını davam etdirir. Hazırda AAAF-ın balansında olan, AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə” Liseyi humanitar və texniki ilə yanaşı, həm də idman təmayüllüdür. Burada çox sayda idmançı təhsil alır ki, onların əksəriyyəti də ağır atletdir. Təsadüfi deyil ki, bu il ali təhsil müəsssiələrinə qəbul olunan atletlərdən üçü – İsmayıl Məmmədov, Əbülfətzadə Elmar və Qardaşzadə Yusif məhz “Zirvə Liseyi”nin məzunlarıdırlar.
Liseydə müasir standartlara cavab verən kimya, fizika, biologiya laboratoriyaları, kompüter otaqları, hərbi və metodbirləşmə kabinetləri, gimnastika və cüdo, trenajor və ağırlıqqaldırma zalları, futbol meydançaları və tennis kortu da fəaliyyət göstərir.
Liseydə 150 yerlik yeməkxana mövcuddur. Şagirdlər nahar yeməyi ilə təmin olunur və nahardan sonra peşəkar müəllimlərin nəzarəti altında ev tapşırıqlarını yerinə yetirirlər. Liseyin pedaqoji kollektivi müsabiqə yolu ilə seçilmiş qabaqcıl müəllimlərdən təşkil olunub. Liseydə internet şəbəkəsi ilə təmin olunmuş lokal şəbəkə və təhlükəsizliyə nəzarət üçün xüsusi mühafizəçilərin daima müşahidə etdiyi mərkəzləşdirilmiş kamera sistemi mövcuddur.
Liseyin yerləşdiyi AAAF Park Yaşayış Kompleksində yaşayan, bütün xərcləri ödənilən maksimum şərait yaradılan idmançılar, yüksək səviyyəli təhsil almaq şansı qazanırlar. Atletlərə gündəlik praktiki dərslərlə yanaşı, nəzəri dərslər də keçilir. Belə ki, onlar bütün digər fənlərlə birlikdə, həftədə bir neçə dəfə ağır atletika nəzəriyyəsi dərslərində də iştirak edirlər. Dərs zamanı bu idman növünün sirləri öyrədilir, onun tarixi haqqında geniş məlumat verilir, elmi-nəzəri xüsusiyyətləri tədris edilir, bir sözlə, bilavasitə fiziki dərslərdən savayı, ağır atletikanın nəzəri tərəfi də öyrədilir. Bu nəzəri biliklərin tədrisində məqsəd həm bu idman növünü daha yaxından tanıtmaq, həmçinin yeniyetmə və gənc atletlərin təhsil səviyyəsini yüksəltməkdir.
Hazırda liseydə təhsil alan şagirdlərdən 11 nəfəri Azərbaycanın ağır atletika üzrə müxtəlif yaş qrupları üzrə yığma komandalarının üzvüdürlər.