Milli Olimpiya Komitəsində (MOK) “Zəfər Günləri” layihəsi çərçivəsində Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirilib.
“Bakı 2015 – Avropa Oyunları” və “Bakı 2017 – İslam Həmrəylik Oyunları”ndan sonra Milli Olimpiya Komitəsinin artıq üçüncü dəfə “Zəfər Günlərini” təşkil edir. Tədbir Buenos-Ayres 2018 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarımızın ictimaiyyət nümayəndələri, xüsusilə media mənsubları ilə görüşünə xidmət edir.
Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov, MOK-un baş katibinin müavini Azər Əliyev, sabiq Olimpiya çempionlarımız, müxtəlif milli federasiyaların rəsmiləri və digər şəxslər iştirak ediblər.
Mərasimin əvvəlində yarış barədə ətraflı məlumat verilib, tarixə ekskurs edilib. Qeyd olunub ki, Buenos-Ayresdə keçirilən oyunlarda əldə olunan nəticə böyük əhəmiyyət daşıyır. Çünki bir çox yarışlardan fərqli olaraq burada mübarizələr gərgin keçib və medal qazanmaq çox çətin olub. Buna baxmayaraq, idmançılarımız böyük şücaət göstərərək Azərbaycanı layiqincə təmsil edə, bayrağımızı yüksəldə, himnimizi səsləndirə biliblər.
Sonra Olimpiada, orada iştirakımıza bağlı videoçarxlar nümayiş etdirilib. Daha sonra Ç.Hüseynzadə çıxış edərək Oyunlarda iştirak edən və medal qazanan idmançıları təbrik edib: “Bizim medal ala bilməyən digər idmançılarımız da əzmkarlıqla mübarizə apardılar. Atletlərimiz, tennisçilərimiz çox yaxşı çıxış etdilər. Bu dəfə qazanılan 7 medalın hər biri fərqli idman növləri üzrədir. İndiyədək belə nəticə olmayıb. Bu məqam Azərbaycanda idmanın inkişafından, yüksək səviyyədə olmasından xəbər verir. Gimnastımızın qarışıq komandanın tərkibində qızıl medal qazanmasını qeyd edərdim. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya təşəkkürümü çatdırıram. Bütün idmansevərləri təbrik edirəm”.
Bundan sonra idmançılara Oyunların Təşkilat Komitəsinin xüsusi diplomları təqdim olunub. Medalçılara isə diplomla yanaşı, mükafat da verilib. Argentinaya yollanan 17 Azərbaycan idmançısından 2-si ağır atlet olub. Lalə Rzazadə öz çəkisində 6-cı yerə çıxsa da, layiqli çıxış nümayiş etdirib və bu Oyunlarda körpücük üzərinə çıxan ilk qadın atlet kimi adını tarixə yazdırıb. Tarmenxan Babayev isə 85 kq çəki drəcəsində fəxri kürsüyə qalxmağı bacarıb. O, gümüş medal qazanaraq Azərbaycanın yeniyetmə və böyüklər arasında Olimpiya Oyunlarında medal qazanan 3-cü atleti olub.
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action