Azərbaycan ağır atletikasına böyük itki üz verib. Tanınmış mütəxəssis Məmməd Üseynov dünyasını dəyişib. Onun 82 yaşı var idi.
Azərbaycan Ağır Atletika Federasiyası Azərbaycan ağır atletikası, ümumilikdə idmanı üçün böyük əmək sərf etmiş, həyatını bu işlərə həsr etmiş Üseynovun ölümündən kədərləndiyini bildirir, yaxınlarına Allahdan səbr diləyir, son qəmlərinin olmasını arzulayır.
Məmməd Üseynov daima bizim yaddaşımızda olacaq, xoş xatırlanacaqdır.
Allah rəhmət eləsin!
Məmməd Mir Bağır oğlu Üseynov 6 yanvar 1936-cı ildə Bakı şəhərində anadan olmuşdu. 1960-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdi. Ömrünün 50 ildən çoxunu ağır atletikaya və ümumilikdə Azərbaycan idmanına həsr etmiş veteran illər boyu yığmamıza rəhbərlik etmişdi. O, həm də beynəlxalq və ümumittifaq kateqoriyaları üzrə ilk Azərbaycan hakimlərindən biri idi. 2014-cü ildə Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdü.
Məmməd Üseynov…
• AAAF-ın veteranlar şurasının üzvü olub
• 2016-cı ilin ən fəal idman veteranı adına layiq görülüb
• Ağır atletika idman növü üzrə SSRİ idman ustası olub (1963)
• Ümumittifaq dərəcəli hakim idi (1965)
• Beynəlxalq dərəcəli hakim idi (1983).
• Azərbaycanın əməkdar məşqçisi idi (1990)
• Əməkdar bədən tərbiyəsi və idman xadimi idi (2006)
• Gənclər və İdman Nazirliyi tərəfindən ilin yekunlarına görə ilin ən fəal veteran idmançısı adına layiq görülrmüşdü (2009).
• 2001-ci ildə Azərbaycan milli yığma komandasının baş məşqçisi, 2001-2010-cu illərdə məşqçi vəzifəsində çalışmışdır.
• Milli Olimpiya Komitəsinin üzvü olub (2001-2009).
• Bir çox illər ərzində Azərbaycan Ağır Atletika Federasiyası Prezidentinin ümumi məsələlər üzrə köməkçisi vəzifəsində çalışıb, Federasiyanın İcraiyyə Komitəsinin üzvü olub.
• Dünya və Avropa çempionatında hakimlik etmişdir (1983). M.Üseynov Azərbaycan çempionu (1960), dəfələrlə “Vodnik” idman cəmiyyətinin mərkəzi Şurasının çempionu və rekordçusu (1960-1970), beynəlxalq yarışların ikiqat iştirakçısı (İran 1957-1965), 1982, 1983, 1990-cı illərdə ümumittifaq hakimlərinin 10 ən yaxşı hakimlərinin siyahısına daxil olmuş və ümumittifaq hakimlər kollegiyasının üzvü idi. Onun rəhbərliyi altında 17 nəfər SSRİ idman ustası normasını yerinə yetirmişdir.