AZƏRBAYCAN AĞIR ATLETİKA AİLƏSİNƏ AĞIR İTKİ ÜZ VERİB. TANINMIŞ MÜTƏXƏSSİS QADİR BABAYEV BU GÜN GÖZLƏNİLMƏDƏN DÜNYASINI DƏYİŞİB!
17 yanvar 1954-cü ildə Cəlilalabad şəhərində anadan olan Babayev Qadir Kavı oğlu SSRİ idman ustası, dəfələrlə Azərbaycan çempionu və beynəlxalq turnirlərin mükafatçısı və qalibi olub. İdman sahəsində göstərdiyi nailiyyətlərə görə ona Azərbaycan Respublikasının “Fəxri Bədən Tərbiyəsi və İdman işçisi” və Azərbaycan Respublikasının “Əməkdar məşqçi”si adları verilib.
Ağır atletika üzrə beynəlxalq dərəcəli hakim olan Qadir Babayev müxtəlif beynəlxalq yarışlarda ölkəmizi ədalət təmsilçisi qismində layiqincə təmsil etmişdi. Azərbaycan Ağır Atletika Federasiyası İctimai Birliyinin Hakimlər Kollegiyasının üzvü olan mərhum mütəxəssis, Azərbaycanda idmanın inkişaf etdirilməsində göstərdiyi xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Fəxri Fərmanı ilə təltif olunmuşdu.
Qadir müəllimin tələbəsi, gənc ağır atlet Ümid Qasımzadə isə bir neçə gün əvvəl torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdu.
Əməksevər, daima güləruz, xoşniyyətli və ünsiyyətcil olan Qadir Babayevin ölümü bizi sarsıtmışdır. Onun həm ağır atletikamıza, həm də bütün ölkə idmanına verdiyi töhfə heç vaxt unudulmayacaq, xatirəsi ehtiramla yad olunacaqdır.
ALLAH RƏHMƏT ELƏSİN!