AMADA-nın meneceri: “Yeniyetmə ağır atletlər dopinqin zərərindən xəbərdardırlar”

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında ağır atletika üzrə Azərbaycan Kuboku keçirildiyi vaxtda Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) əməkdaşlarının iştirakı ilə maarifləndirmə tədbiri də baş tutub. Qurumun təhsil və təlim üzrə meneceri Lalə Hacıyeva federasiyanın rəsmi saytı və AAAF TV-yə müsahibə verərək bu tədbirlərin mahiyyətindən danışıb:

“Əsas məqsədimiz təmiz idmanı təbliğ etməkdir. AMADA olaraq biz idmançılarla maarifləndirmə işlərinə başlamışıq və bir çox federasiyalarda bu işləri görmüşük. Bu gün isə ağır atletlərə yer ayırdıq. İstəyirik ki, idmançıları maksimum dərəcədə maarifləndirək. Burada bukletlər payladıq, anti-dopinqlə bağlı suallar təqdim etdik və idmançılar onları cavablandıraraq biliklərini sınadılar. Gələcəkdə bütün federasiyalarla seminarlar təşkil etməyi də nəzərdə tutmuşuq. Həkimlər üçün də təlimlər olacaq. Bir sözlə, AMADA geniş formada maarifləndirmə işlərinə başlayıb. Çox şad oldum ki, yeniyetmə ağır atletlər anti-dopinqlə bağlı məlumatlıdırlar. Onlarla söhbətlər də oldu və bildirdilər ki, bu barədə onlara mütəmadi olaraq danışılır və sorğular keçirilir. Bu da onu göstərir ki, bu idmançılara yaxşı dərslər keçirilir”.

Paylaş
Şərh yaz