Anti-dopinq vebinarı keçirilib

Aprel ayının 27-də Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə anti-dopinq vebinarı keçirilib. Onlayn seminara Azərbaycan ağır atletika yığmasının üzvləri, həmçinin federasiyanın məşqçi, texniki və rəhbər heyətindən toplam 30-a yaxın nümayəndə qoşulub. Vebinarı AMADA-nın Təhsil və Təlim üzrə meneceri Lalə Hacıyeva aparıb.

Qeyd olunub ki, AMADA-nın xüsusi onlayn təhsil və maarifləndirmə proqramı iki ay davam edəcək bu proqram antidopinq proqramının müxtəlif istiqamətlərini əhatə etməklə yanaşı, COVİD-19 pandemiyası dövründə idmançıları ən çox narahat edən suallara interaktiv formada cavab vermək imkanı yaradacaq. Proqram vebinar, sual-cavab oyunları və müxtəlif mövzular ətrafında müzakirələr formatında keçiriləcək.

27 Aprel tarixində “COVİD-19 və antidopinq fəaliyyəti” mövzusunda keçirilən vebinarla start götürən bu onlayn proqram iyun ayının sonunadək davam edəcək. İdmançılar, məşqçi heyəti və adi istifadəçilər üçün açıq keçirilən birinci vebinar zamanı COVİD-19 dövründə dopinq testlər, idmançıların məkan məlumatları, Terapevtik İstifadə üçün İstisnalar (Tİİ) və digər mövzular müzakirə olundu.

Növbəti günlərdə AMADA tərəfindən təqdim olunacaq vebinarlar aşağıdakı mövzuları əhatə edəcək:
İdmançıların hüquq və öhdəlikləri – 5 May;
Qida əlavələrinin yaratdığı risklər – 11 May;
2020-ci il Qadağan edilmiş maddələr və üsulların siyahısı – 25 May.

Qeyd edək ki, siyahıda qeyd edilmiş vebinarlar barədə AMADA-nın Facebook və İnstagram səhifələrində əvvəlcədən elan olunacaq. Bütün vebinarlar Azərbaycan dilində “Microsoft Teams” platforması üzərində keçiriləcək.

Paylaş
Şərh yaz