8-15 mart tarixlərində ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək yeniyetmə ağır atletlər arasında 8-ci dünya birinciliyində Azərbaycan yığma komandasının üzvləri də iştirak edəcəklər. Onlar yarışa baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında qatılacaqlar. Heyət üzvlərimiz 5 atletimiz Ömər Cavadov (55 kq), Elşən Məmmədov (61 kq), Rüstəm Qasımov (67 kq), Əli Şükürlü (96 kq) və Rəhman Kazımovdur (+102 kq). Hazırda Las-Veqas şəhərində olan və hazırlığı davam etdirən komandamızın durumu haqqında məlumat verməsi üçün Asif Məmmədova müraciət etdik. Gənc mütəxəssis bunları dedi:
“Mart ayının 4-dən etibarən yarışın keçiriləcəyi Las-Veqas şəhərindəyik. Birinciliyə 5 atletlə qatılacağıq. Təlim-məşq toplanışımız da yaxşı keçmişdi, hazırda da burda eyni tərzdə davam etdiririk. Şükürlər olsun, idmançılarımızın əhval-ruhiyyəsi də yaxşıdır. Məşqlərimiz normal keçir. Komandamız yarışa hazırdır. Çalışacağıq, ölkəmizi turnirdə layiqincə təmsil edək, yaxşı nəticələr qazanaq”.