Astarada ağır atletika təlim-məşq bazası açıldı

Azərbaycan Ağır Atletika Federasiyası idman infrastrukturunun yenilənməsi, bərpası və ümumi inkişafı istiqamətində çalışmalarını davam etdirir. Bu məqsədlə paytaxtda və regionlarda bir sıra ağır atletika zalları istifadəyə verilir, təmir-bərpa işləri həyata keçirilir. Martın 5-də Astara şəhərindəki AAAF Park Yaşayış Kompleksində yerləşən ağır atletika üzrə təlim-məşq bazasının açılışı da bu qəbildən olan işlərdəndir.
Açılış üçün qırmızı lenti Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Ruslan Xanverdiyev kəsib. Qonaqlar içəri daxil olaraq bu çoxfunksiyalı bazadakı şəraitlə tanış oldular. Burada 150 nəfərlik yarış və 20 nəfərlik ağır atletika məşq zalı, bütün şəraitlə təmin olunmuş paltardəyişmə otaqları, SPA mərkəzi, həmçinin ən müasir avadanlıqlarla təchiz olunmuş geniş AAAF Fitness zalı, 50 nəfərlik yeməkxana və digər otaqlar idmançıların istifadəsinə verilmişdir.
Qonaqlar, mütəxəssislər gördüklərindən razılıq ifadə etdilər. Fikir bildirildi ki, ölkəmizdə dövlət tərəfindən idmana göstərilən diqqət və qayğının nəticəsində regionlarda da idman kompleksləri, ixtisaslaşdırılmış zallar sürətlə istifadəyə verilir, həm insanların sağlam həyat tərzi sürməsi, həm də Azərbaycanın adının beynəlxalq arenada layiqli çıxışları ilə daima uca tutacaq idmançıların yetişməsi baxımından böyük addımlar atılır. Azərbaycan Ağır Atletika Federasiyası və “Zirvə” Beynəlxalq İdman Klubunun birgə layihəsi olan bu təlim-məşq bazasının ilk istifadəçiləri də məhz həmin gün zalda idilər. Ölkəmizin qadınlardan ibarət ağır atletika yığması təlim-məşq toplanışı üçün məkan olaraq buranı seçiblər.

 

 

Paylaş
Şərh yaz