Azər Əliyev: “Məncə, hər bir insan öz sevdiyi işlə məşğul olmalıdır… ”

“Sport Time” jurnalı Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyevdən müsahibə götürüb. Onu sizin diqqətinizə çatdırırıq.

 

Müsahibimiz idmanı həyatının ayrılmaz hissəsi olaraq görən, idmana daim ürəkdən bağlı olan Milli Olimpiya Komitəsinin baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyevdir. “Sport Time” jurnalının ötən saylarında Azər müəllimlə bağlı məlumatlar dərc olunsa da, bu dəfə olduqca səmimi müsahibə ilə oxucuların görüşünə gəlmişik. Söhbətimizin idmansevərlərə təqdim edirik.

– Azər bəy, idmanın həyatınızın ayrılmaz hissəsi olduğunu bilirik. Maraqlıdır, sizin idmana olan marağınız necə başladı?
– Mənim məktəb illərindən bir çox idman növlərinə marağım olub. Basketbol, futbol, tennis və üzgüçülük ilə məşğul olmuşam. Lakin dərslərimi də ikinci plana salmırdım, yaxşı qiymətlərlə oxuyurdum. Daha sonra idman zallarında idmanla məşğul olmağa başladım və hiss etdim ki, ağırlıqqaldırma idman növü daha çox marağımı çəkir. Zalda ştanqlarla, qantellərlə məşğul olurdum. Orada mənə məsləhət gördülər ki, pauerliftinqlə ciddi məşğul olsam, yaxşı nəticələr əldə edə bilərəm. O illərdə mən Londonda yaşayırdım və ilk yarışım orada gənclər arasında keçirilən pauerliftinq çempionatında oldu. İlk yarışda ikinci yeri tutdum. Bu qalibiyyət məni daha da həvəsləndirdi və bundan sonra daha da inamla hazırlaşdım. Avropa çempionatının və bir çox beynəlxalq turnirlərin iştirakçısı oldum və uğurlu nəticələr əldə etdim. Onu da deyim ki, karyeram illər sonra daha da uğurla davam etdi. Hazırda Milli Olimpiya Komitəsində çalışıram və bundan başqa Azərbaycan Ağır Atletika Federasiyasında vitse-prezident kimi fəaliyyət göstərirəm. Qürurla deyə bilərəm ki, sevdiyim işlə məşğul oluram. Bu, həyatımızda olduqca vacib məqamdır. Sevdiyim peşə ilə məşğul olmağım və idman sahəsində fəaliyyət göstərmək olduqca maraqlı və qürurvericidir.
– Uzun illər pauerliftinqlə məşğul olmusunuz. Bəs ailədə sizi ən çox kim dəstəkləyirdi?
– Pauerliftinqlə ən çox qardaşımla birlikdə məşğul olurduq. Təbiidir ki, o mənə daha çox dayaq olurdu. Anam isə məşğul olduğum idman növünün çətin olduğunu bilirdi, bu baxımdan, idmanın daha az risk tələb edən növləri ilə məşğul olmağımı istəyirdi. Pauerliftinq idman növündə ağırlıq qaldırılır və bu zədələrin olma ehtimalını artırır. Buna görə valideynlərim daha rahat olan idman növləri ilə məşğul olmağımın tərəfdarı idilər. Lakin pauerliftinqə olan böyük marağımı və sevgimi gördükdən sonra anam da bununla razılaşdı. Məncə, hər bir insan öz sevdiyi işlə məşğul olmalıdır. Çünki bu zaman insan özünü daha xoşbəxt hiss edir…
– Eyni zamanda, təbiəti də çox sevirsiniz…
– Bəli, mən təbiəti olduqca çox sevirəm. Gəzintidə olmaqdan və dənizi seyr etməkdən zövq alıram. Onu da deyim ki, təmiz havada qaçmaq, aktiv hərəkətdə olmaq çox faydalıdır. Havanın gözəl olduğu vaxtlarda açıq havada yürüyüş etməyi sevirəm. Təbiətə, dənizə olan vurğunluğumu sosial şəbəkələrdə də gizlətmirəm (gülümsəyir). Bundan başqa, heyvanlara da böyük məhəbbətim var. İtləri isə daha çox sevirəm. Londonda yaşayarkən itlərim var idi. Elə indi də var. Təbiətin bütün canlı varlıqlarına məhəbbətlə yanaşmaq lazımdır. Düzdür, onların bəziləri müəyyən qədər təhlükəlidir, lakin təbiətin ayrılmaz bir hissədirlər. Mən Afrikada olarkən bir çox təhlükəli heyvanların şahidi olmuşam. Onlarla bağlı filmlərə baxmaq da maraqlıdır. Çox sayda belə filmlər izləmişəm.
– Yeri gəlmişkən, ən çox hansı filmlərə marağınız var?
– Düzünü deyim ki, əvvəllər daha çox qorxu filmlərinə maraqla baxırdım. İndi isə dram, komediya janrında olan filmlərə də baxıram. Əsas odur ki, izlədiyim film maraqlı və mənalı olsun. Bundan başqa, musiqi dinləməyi də sevirəm.
– Musiqiyə olan sevginizdə yəqin ki, ananız-bəstəkar Sevil Əliyevanın da rolu var…
– Əlbəttə, anamın mahnılarını hər zaman böyük zövqlə dinləyirəm. Musiqi ruhun səsidir və onu yaratmaq böyük istedad, ürək tələb edir. Mən uşaq yaşlarımdan bu musiqilərlə böyümüşəm. Anamın peşəkar bəstəkar kimi olduqca gözəl fəaliyyəti, sevilən musiqiləri var. Bütün bunların şahidi olmaq, belə bir ailədə böyümək çox gözəldir. Sevil Əliyevanın musiqilərini dinləmək mənə hər zaman çox xoşdur… Azərbaycanın tanınmış musiqiçilərindən olan Müslüm Maqomayev kimi sənətçiləri dinləməyi də sevirəm. Belə musiqiçilər Vətənimizi layincə tanıdıblar.
– İdman aləmində dostlarınız varmı?
– Yaxşı dostlarım var, hazırda isə tanışların sayı daha da çoxalıb. Bildiyiniz kimi, Milli Olimpiya Komitəsində çalışıram və burada çox sayda idmançılarla görüşür, ünsiyyət edirik.
– Azər bəy, bəs, həyatınızla bağlı hansı planlarınız var?
– Düzünü deyim ki, hazırda hər hansısa ciddi bir planım yoxdur. Sabah olacaqları bu gündən bilmək olmur. Bu gün isə həyatımdan çox razıyam və sevdiyim işlə məşğulam. Bir daha deyim ki, Milli Olimpiya Komitəsində çalışmaq olduqca maraqlı və lazımlıdır. İdmanla məşğul olmaq isə hər zaman zəruridir. Bu, həm sağlamlıq, həm də bədənin formada qalması üçün vacibdir. İdman mənim üçün həm həyat tərzi, həm də ən gözəl vərdişdir. İdman insanı həm fiziki, həm də mənəvi cəhətdən formalaşdırır.
– Azər bəy, bir az da ailə münasibətlərinizdən danışaq. Maraqlıdır, bacınız və qardaşınızla münasibətləriniz necədir?
– Bacım Zərifə və qardaşım Jirafla olduqca gözəl münasibətlərimiz var. Biz həm də yaxşı dostuq. Bir-birimizlə səmimi və mehribanıq. Düzdür, mən Bakıya köçəndən sonra çox sıx görüşə bilmirik, lakin imkan olduqca bir araya gəlirik. Onu da deyim ki, qardaşım Jiraf da bir çox idman növləri, eləcə də pauerliftinqlə məşğul olub və bu idman növündə nailiyyətlər əldə edib. Biz çox vaxt birilikdə məşqlər edirdik. Jiraf qış idman növlərini də çox sevir. Ən çox isə xizək idmanına böyük marağı var. Bundan başqa, o, üzgüçülük və qaçışla məşğul olur. Bizim maraqlarımız çox vaxt üst-üstə düşür. Hər ikimiz də heyvanları və təbiəti sevirik.
– Babanız – Ulu Öndər Heydər Əliyev böyük şəxsiyyət, eləcə də Azərbaycanın qurucusu idi. Onun idmanla da bağlı dəyərli fikirləri var. Söylədiyi “İdman sağlamlıq və mədəniyyətdir” kəlamı “Sport Time” jurnalının da şüarıdır. Maraqlıdır, babanızın sizə dedikləri hansı sözlər indi də yadınızdadır…
– Ulu Öndər Heydər Əliyev dahi şəxsiyyət olduğu kimi, olduqca mehriban baba idi. O, bütün nəvələrinə, uşaqlara qarşı diqqətli və səmimi idi. Onu deyim ki, babamla bağlı hər anım yadımdadır və onun qiymətli fikirləri indi də bizə mayak olur. O, idmana, sağlamlığa böyük əhəmiyyət verirdi və bizim idmanla məşğul olağımızın tərəfdarı idi. Babam ailəsində olduğu kimi cəmiyyətin də idmanla məşğul olmasını istəyirdi və bildiyiniz kimi idmançıların ən yaxın dostu idi. O, bütün sahələrə olduğu kimi, idmanın da inkişafına böyük xidmət göstərib. Bu, məni çox sevindirir. Hazırda ölkə başçımız İlham Əliyev Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətini davam etdirir və idmana daim diqqət göstərilir. Bunun nəticəsidir ki, Olimpiya oyunlarında və beynəlxalq yarışlarda Azərbaycanın qazandığı uğurların sayı getdikcə artmaqdadır. Biz balaca bir ölkə olmağımıza baxmayaraq, böyük idman uğurlarına sahibik. Bizim olduqca güclü idmançılarımız var və onlar beynəlxalq yarışlarda Azərbaycan bayrağını zirvələrə ucaldırlar. Bu, ölkə rəhbərimizin idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
– Azər bəy, yeri gəlmişkən deyək ki, ölkə rəhbərimiz İlham Əliyev jurnalistlərin də yaxın dostudur. Cənab Prezidentimiz ölkəmizdə bütün sahələrin inkişafında medianın rolunu daima qeyd edir.
– Doğrudur, bu gün cənab İlham Əliyevin jurnalistlərə də böyük diqqət və qayğısı var. İdmançıların tanınmasında, medianın rolu olduqca vacibdir. Bu baxımdan, idmanın inkişafına xidmət göstərən “Sport Time” jurnalına da fəaliyyətində uğurlar arzu edirəm. Belə dərgilər, ümümilikdə bütün idman mediası sağlam həyat tərzini təbliğ edir və idmançıların daha da tanınmasına xidmət göstərir. Peşəkar idmançılarımızı tanımaq, onlar haqqında bilmək bizim yeniyetmə və gənclərimizə olduqca müsbət təsir edir. Onlar bu idmançıları özlərinə nümunə götürürlər və qələbə əzmi ilə yaşayırlar. Ölkəmizə qələbə sevincini yaşadan hər bir idmançıya, eləcə də bunu təbliğ edən media nümayəndələrinə təşəkkürümü bildirirəm.
– Biz də Sizə maraqlı söhbət üçün təşəkkür edirik.

Jalə Rzabəyli, baş redaktor

Paylaş
Şərh yaz