Dekabr ayının 26-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının konfrans zalında Azərbaycan Gənclər və İdman Nazirlyinin 2018-ci ilin idman yekunlarına həsr olunmuş ənənəvi mərasimi keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ilk olaraq 2018-ci ildə Azərbaycan idmançılarının qazandıqları uğurlar, həmçinin ölkəmizdə təşkil olunan böyük yarışlar, digər idman nailiyyətlərimiz barədə geniş məlumat verilən videoçarx nümayiş etdirilib. Orada bu il yeniyetmə ağır atletlərimizin İtaliyanın Milan şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyinin komanda hesabında qızlarda 3-cü yer tutması, oğlanlarda isə yarışın qalibi olması, həmçinin Polşanın Novı Tomısl şəhərindəki gənclər arasında Avropa birinciliyində qazanılan medallar, digər beynəlxalq yarışlardakı qələbələrimiz də qeyd olunub.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək Azərbaycanın bu il də müxtəlif beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini və idmançıların fərqli ölkələrdə təşkil edilən turnirlərdə fəxri kürsüyə yüksəldiklərini vurğulayıblar.
Mərasimdə Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Tofiq Heydərov və baş katib Rizvan Rəsulov da xüsusi qonaqlar sırasında olub.
Çıxışlardan sonra müxtəlif nominasiyalar üzrə ilin qalibləri təltif olunublar. Mükafatları Azad Rəhimov və Çingiz Hüseynzadə ilə yanaşı, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, deputatlar, eləcə də idman ictimaiyyətinin tanınmış simaları təqdim ediblər.
İki nominasiyada qalib adına 2018-ci ildə böyük uğurlarla yadda qalan ağır atletika idman növündən nümayəndələrimiz də layiq görülüblər.
İlin ən yaxşı hakimləri arasında ağır atletika mütəxəssisi Vahid Əliş oğlu Nəzərov qaliblərdən biri seçilib.
2018-ci ilin yekunlarına görə ilin ən yaxşı komandası adını isə Azərbaycan milli olimpiya komandası qazanıb. Həmin komandanın üzvləri arasında yeniyetmə ağır atlet Tarmenxan Babayev də olub. O, bu il Argentinanın paytaxtı Buenos-Ayres şəhərində 6-13 oktyabr tarixlərində keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil edərək gümüş medal əldə etdiyinə görə xüsusi mükafata layiq görülüb.
Təbrik edirik!