“Azərbaycan” qəzeti: “Ağır atletlərimiz İslamiadada möhtəşəm qələbələrə imza atacaqlar”

Azərbaycan Respublikası Milli Məclsinin yarın orqanı, rəsmi dövlət qəzeti “Azərbaycan” qəzeti Azərbaycan ağr atletlərinin IV İslam Həmrəylik Oyunlarına hazırlığı barədə yazı hazırlayıb. Onu sizə təqdim edirik:

* * *

Ağır atletlərimiz İslamiadada möhtəşəm qələbələrə imza atacaqlar

Bu gün paytaxtımızda dünyanın ən böyük idman hadisələrindən olan IV İslam Həmrəyliyi Oyunlarına start veriləcək. On gün ərzində 54 müsəlman dövlətinin 3 mindən artıq atleti idmanın 22 növü üzrə mübarizə aparacaq. Lakin bu idman tədbiri tək mübarizə meydanı olmayacaq, adından da göründüyü kimi, həm də bütün müsəlman aləminin həmrəyliyi, birliyi istiqamətində mühüm addım olacaq.
Azərbaycanın İslamiadada 300-dən artıq idmançısı iştirak edəcək. Bütün idman növləri üzrə mübarizə aparacaq idmançılarımız artıq xeyli vaxdır təlim məşqlərinə başlayıblar. Demək olar ki, hər bir idman növündə medal qazanmaq şanslarımız var. O cümlədən, ağır atletika üzrə milli komandamıza ümidlər böyükdür.
Azərbaycanda ağır atletikanın tarixi ənənələri var. Son bir ilə yaxın müddətdə ağır atletlərimizin yarışlarda qazandıqları nailiyyətlər göstərir ki, bu ənənələr getdikcə daha da möhkəmlənəcək. Ötən ilin yayından etibarən Azərbaycan Ağır Atletika Federasiyasında ciddi islahatlara start verilib. Yığmaya baş məşqçi təyin olunan Tofiq Heydərovun rəhbərliyi ilə komandaya yeni və perspektivli idmançılar cəlb olunub. Həmçinin bir müddət Ağır Atletika Federasiyasının rəhbərliyində baş verən dəyişikliklərdən, yeni vitse-prezidentlərin seçilmələrindən sonra baş verən dəyişikliklər göz önündədir. Son olaraq Tailandda qazanılan möhtəşəm uğur və Azərbaycan birinciliyinin nəticələri milli komandamızın perspektivdəki qələbələrindən xəbər verir.
Ağır atletlərimiz IV İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlaşıblar. Çünki həyata keçirilən islahatlardan sonra onlar ölkəmiz üçün xüsusilə əhəmiyyət kəsb edən bir idman tədbirində körpücüyə çıxacaqlar. Digər tərəfdən, biz həm də ev sahibiyik. Ona görə bir müddətdir ki, idmançılarımız xüsusi müəyyən olunmuş proqramla hazırlıq məşqlərinə başlayıblar.
IV İslam Həmrəyliyi Oyunlarına 8 qadın və 8 kişi atletimiz qatılacaq. Qadın idmançılar Mərziyyə Məhərrəmova (48 kq), Səbinə Əzimova, Gülçin Əlizadə (hər ikisi 53 kq), Firuzə İbrahimova (58 kq), Elnurə Abbasova (63 kq), Anastasiya İbrahimli, Fidan Hüseynzadə (hər ikisi 69 kq) və Fidan Əbdürrəhmanovadır (+90 kq). Kişi idmançılarımız isə bunlardır: Elmar Alıyev (56 kq), Allahyar Abışov (62 kq), Əfqan Bayramov (77 kq), Ceyhun Tağızadə, Kamran İsmayılov (hər ikisi 85 kq), Rövşən Fətullayev, Nailxan Nəbiyev (hər ikisi 94 kq) və Azər Məmmədli (+105 kq).
Bu günlərdə idmançılarımızın məşq prosesini izlədik. Milli komandanın baş məşqçisi, eyni zamanda Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Tofiq Heydərov hazırlıqla bağlı qənaətlərini bölüşərək dedi: “Statusundan asılı olmayaraq hər bir idman yarışması əhəmiyyətlidir. Ona görə ki, hər bir yarışda idmançının bir nömrəli vəzifəsi nəticə əldə etməkdir. Çünki medalın əyarından asılı olmayaraq istənilən nəticə həm idmançının, həm də onun təmsil etdiyi dövlətin, idman klubunun uğurudur. İslam Həmrəyliyi Oyunları isə bizim üçün müstəsna əhəmiyyət kəsb edir. Çünki əgər Yay Olimpiya Oyunlarında bir neçə müsəlman ölkəsinin idmançısı ilə mübarizə apara bilirdiksə, İslamiadada bütün rəqiblərimiz ancaq İslam dünyasını təmsil edən idmançılar olacaq. Əlbəttə, bu bizim üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, həm də olduqca xoş bir haldır”.
Milli komandada təmsil olunan ağır atletlərin hazırlıq səviyyəsinə, medal qazanmaq perspektivlərinə gəldikdə isə Tofiq Heydərov bildirdi ki, ötən ildən başlayaraq ağır atletika üzrə yığma komanda tamamilə yenidən formalaşmağa başlayıb: “Azərbaycan ağır atletikası tarixində uğurlarımız çoxdur. Son bir ilə yaxın müddətdə isə qazandığımız uğurlar bizi daha da ruhlandırıb. Qarşıda bizi daha möhtəşəm nailiyyətlər gözləyir. Bilirsiniz ki, son dövrlər həm federasiyada, həm də milli komandanın tərkibində ciddi dəyişikliklər baş verdi. İdmanın bu növünün inkişafı daha peşəkar insanlara həvalə edildi. Bu gün bizim məqsədimiz dopinqdən istifadənin qarşısını tamamilə almaqdır. Məşqçi və idmançılarla müqavilə bağlamışıq. Əgər hər hansı idmançı belə bir halla qarşılaşsa, onu böyük cəza gözləyir. Həmçinin yeni yaradılan Azərbaycan Antidopinq Agentliyinin də fəaliyyətindən yararlanacağıq. Ağır atletikada dopinqsiz də uğur qazanmaq mümkündür. Bunun üçün idmançılar öz üzərlərində çox çalışmalıdırlar. Biz uğur qazanmaq istəyiriksə, ən güclü yeniyetmə idmançıları seçməliyik. Ötən ildən başlayaraq həm federasiya prezidenti Cahangir Əsgərovun, həm də vitse-prezidentlər olaraq Azər Əliyevin və mənim, eləcə də ağır atletikanın inkişafına cavabdeh olan digər şəxslərin qarşıya qoyduqları əsas hədəflərdən biri potensialı olan yerli idmançıları cəlb etmək, nəticə etibarilə Azərbaycan ağır atletikasının şöhrətini ucaltmaqdır”.
Ağır atletika idmanın spesifik növüdür. Ağır atletika olsa da, burada idmançıdan xüsusi cəldlik və elastiklik tələb olunur. Təbii ki, birinci növbədə, idmançı fiziki baxımdan güclü olmalıdır. Bundan sonra digər idman hərəkətlərini yerinə yetirmək lazımdır. Amma idmançı fiziki cəhətdən nə qədər güclü olsa da, ağır atletikanın, necə deyərlər, məktəbini keçməlidir. Ona görə hazırda federasiyanın nəzdində “Zirvə” liseyi fəaliyyət göstərir. İdman mütəxəssisləri daimi axtarışda olaraq bölgələrdən potensial imkanları olan yeniyetmələri liseyə cəlb edirlər. Bu proses praktikada artıq özünü doğruldur.
Yığma komandanın bazasında olarkən müşahidələrimiz göstərdi ki, idmançılarımız İslamiadaya çox ciddi hazırlaşıblar. Hazırlıq prosesinin yüksək səviyyədə keçirilməsi üçün federasiya tərəfindən bütün şərait təmin olunmuşdur. Sadəcə, qalır medal qazanmaq. İdmançılarımız əminliklə bildirirlər ki, onlar üçün mühüm mərhələ olan İslam Həmrəyliyi Oyunlarını da uğurla başa vuraraq həm ölkəmizin adını, həm də Azərbaycan ağır atletikasının şöhrətini ucaldacaqlar. Bu Oyunlar bir daha göstərəcək ki, Azərbaycan ağır atletikası böhranlı günlərini adlayaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Bütövlükdə isə ağır atletika üzrə milli komandamızın hədəfi IV İslam Həmrəyliyi Oyunlarında ən azı 5 medal qazanmaqdır.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”

Paylaş
Şərh yaz