12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışlarına start verilib. Körpücük üzərində 21 ölkədən ümumilikdə 130 atlet çıxacaq. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyət – 16 nəfərlə (8 qadın və 8 kişi) qatılacaq.
Bu gün son yarış günüdür. Körpücük üzərinə çəkisi 90 kq-a qədər olan qadınlar çıxıblar. Yığmamızın üzvlərindən Fidan Əbdürrəhmanova medal mübarizəsinə qoşulub.
Atletimiz birdən qaldırma hərəkətində 60 kq, təkanla qaldırma hərəkətində isə 75 kq-ı ram edib.
Toplam 135 kq (60+75) nəticə ilə Fidan Əbdürrəhmanova bu çəki dərəcəsində 7-ci yeri tutub.
Bu çəkidə qızıl medalı toplam 224 kq (99+125) nəticə ilə misirli Dina Bərəkət əldə edib.
Gümüş medalı toplam 223 kq (100+123) nəticə ilə kamerunlu Numbissi Mekunyi, bürüncü isə toplam 207 kq (87+120) nəticə ilə kamerunlu Flore Um Albertine qazanıb.