Baş katib simpoziumda iştirak edib

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov 3-5 may tarixlərində Çexiyanın paytaxtı Praqa şəhərində Çexiya Ağır Atletika Federasiyası tərəfindən təşkil olunan ağır atletika simpoziumunda iştirak edib. Tədbirə Avropa və Asiya ölkələrindən olan 15-dən çox federasiyanın prezident və baş katibləri qatılıb. Müzakirələrdə Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) prezidenti Tomaş Ayan da iştirak edib.

Gündəlikdə bir neçə məsələ olub. Onların içərisində may ayının sonunda Tailandın Banqkok şəhərində keçiriləcək yeni IWF prezidenti seçkiləri, dopinqlə mübarizə, ağır atletika avadanlıqlarındakı yeniliklər, məşqçilər, hakimlər və texniki rəsmilər üçün seminarların keçirilməsi, ağır atletikanın inkişaf etmədiyi, 3-cü dövlətlər adlanan ölkələrə yardım proqram-layihələrinin müzakirəsi, ağır atletikanın maddi təminatının yaxşılaşdırılması məqsədilə marketinq fəaliyyətlərinin genişləndirilməsi və digər mövzular olub.

Yetərincə məqsədəuyğun, gündəmlə üst-üstə düşən və müzakirəsi vacib olan məsələlər olduğundan simpozium maraqlı müzakirə və çıxışlarla yadda qalıb. Gündəlikdən kənara çıxılan yeganə məsələ isə Azərbaycanda keçirilən IV İslam Həmrəylik Oyunları, onlara hazırlıq prosesi olub. IWF prezidentinin xahişiylə AAAF-ın baş katibi Rizvan Rəsulov bu barədə geniş məlumat verib. O qeyd edib ki, Azərbaycan İslam Oyunlarına böyük dəyər verir və onun ən yüksək səviyyədə təşkili üçün əlindən gələni edir. Ən kiçik xırdalıqlardan tutmuş bütün detallara xüsusi diqqət yetirilir, qonaqların rahatlığı, məşq, yarış və istirahət şəraitinin maksimum yaxşı olmasına çalışılır. İslam Oyunlarının ölkəmiz üçün böyük əhəmiyyət daşıdığı vurğulanıb. Ağır atletika yarışlarının təşkili barədə də məlumat verən Rəsulov, iştirakçı dövlət və atlet sayı, onların yerləşmə, qidalanma, məşq və yarış sistemi, istifadə olunacaq avadanlıqlar, könüllülərin inteqrasiyası, nəqliyyat məsələləri, hakimlər və texniki rəsmilərin iş fəaliyyəti üçün şəraitin yaradılması və digər işlər haqda danışıb. Məruzə böyük razılıqla qarşılanıb, məmnunluq ifadə edilərək, təşkilatçılara təşəkkürlərin çatdırılması istənilib. Asiya Ağır Atletika Federasiyasının baş katibi Cəlud Məhəmməd Həsən də çıxış edərək İslam Oyunlarının Təşkilat Komitəsi ilə sıx əlaqədə olduğunu, görülən işlərin ən yüksək səviyyədə olduğunu təsdiqləyib.

Daha sonra Tomaş Ayan çıxış edib. O, ilk olaraq dopinqlə mübarizə məsələlərinə toxunub. Federasiya rəhbəri Türkiyə, Qazaxıstan, Belarus, Moldova, Azərbaycan, Rusiya və digər bu kimi güclü ağır atletika ölkələrinin cəzalandırılma məsələsinin gündəmdə olmasını qeyd edib, ancaq bu durumdan narazılığını ifadə edib. Ayan bildirib ki, bu ölkələr dövlətlər ağır atletika idman növünün inkişafında böyük rol oynayırlar və bir rəhbər olaraq bu cəzaların olmaması üçün mübarizə aparır.

Federasiya prezidentinin sözlərinə görə, cəza almağa namizəd ölkələrdə böyük işlər aparılır, təşkilati strukturlarda dəyişikliklər edilib, inkişaf üçün lazımi addımlar atılır. O, dopinqə qarşı ciddi mübarizə aparıldığının öz gözləri ilə şahidi olduğunu dilə gətirib. Hətta Ayan bizi misal kimi də göstərib: “Ötən il Azərbaycanda oldum, oradakı həm böyük (AAAF Parkdakı mərkəzi baza), həm də kiçik akademiyanı (Liseyi) da gördüm. Onların qurduğu işləri, təlim-məşq bazalarını, infrastrukturunu, qidalanma, təhsil alma yerlərini, həmçinin Şüvəlandakı akademiyanı gördüm. Bu insanlar ağır atletikanı sevirlər və onun inkişafı üçün kifayət qədər böyük vəsait sərf edirlər. Belə olan halda niyə biz bu adamlara cəza verək, hətta bunu gündəmdə belə saxlayaq? Dövlətlərin bu idman növünə münasibəti, fikirləri, baxış bucağı dəyişirsə, yenidənqurma edirlərsə, maddi-texniki bazanı təkmilləşdirirlərsə, dopinqə qarşı ciddi mübarizə aparırlarsa, biz onların tərəfində olmalı, bu məsələlərdə dəstək olmalıyıq”.

Rizvan Rəsulov IWF-lə sıx əlaqələrin qurulmasının davam etdiyini bildirib. Baş katibin sözlərinə görə, bu il ərzində qurumun qrantı hesabına federasiya tərəfindən hakimlər üçün iki seminar, üstəlik, anti-dopinq seminarının da keçirilməsi nəzərdə tutulub. AGİN, MOK və AAAF-nın dəstəyi ilə isə məşqçilər üçün iki, həmçinin yarışlara xidmət edən texniki rəsmilər üçün də bir seminar təşkil ediləcək. Simpoziumda belə təlimlərin vacibliyi və effektivliyi barədə danışılıb.

Yekun olaraq innovasiya fəaliyyətinin genişləndirilməsi və sponsorların cəlbinin nəticəsində ağır atletika idmanında böyük inkişafa nail olunacağı qeyd olunub.

Paylaş
Şərh yaz