9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günüdür. 1918-ci ilin bu günü Dövlət bayrağımız Bakıda, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və ilk dəfə olaraq qaldırılmışdır.
Üçrəngli bayrağımızın qırmızı rəngi müasirlik, yaşıl rəngi islamçılıq, göy rəngi isə türkçülüyün rəmzidir.
Azərbaycan Respublikasının dövlət bayrağından istifadə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasnın Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də, həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilmişdir.
2010-cu ilin sentyabrın 1-də Bakı şəhərinin Bayıl sahəsində Prezident İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının təntənəli açılışı olmuşdur.
162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayraqlarından biridir. İnşa olunmuş dayağın hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 m, uzunluğu 70 m, ümumi sahəsi 2450 m², kütləsi isə təqribən 350 kq-dır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Azərbaycan Ağır Atletika Federasiyası bütün Azərbaycan xalqını Bayraq Günü münasibətilə təbrik edir!