Təbrik edirik!
Bu gün Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) Prezidenti Cahangir Cəlal oğlu Əsgərovun ad günüdür. Onun 67 yaşı tamam olur.
Cahangir Əsgərov 11 iyul 1950-ci ildə Bakıda anadan olub. O, 1980-cı ildə Leninqrad Mülki Aviasiya Məktəbini bitirib.
1972-ci ildən Ukrayna Mülki Aviasiya İdarəsinin Çerkassk Birləşmiş Aviadəstəsində ikinci pilot, Bakı şəhəri Zabrat Birləşmiş Aviadəstəsində eskadrilya müdiri, uçuş dəstəsi komandirinin müavini, 1978-ci ildən Yevlax Birləşmiş Aviadəstəsinin komandiri, Hava limanının rəisi, 1981-ci ildən Bakı Birləşmiş Aviadəstəsində ikinci pilot, kapitan, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1991-ci ildən Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, 1993-cü ildən Dövlət Konserinin Türkiyədə baş nümayəndəsi vəzifələrində işləyib.
1996-cı ildən “Azərbaycan Hava Yolları” QSC-nin baş direktoru və Ağır Atletika Federasiyasının prezidentidir.
Cahangir Əsgərovun AAAF-a rəhbərlik etdiyi dövrdə Azərbaycan ağır atletikası ən güclü inkişaf dövrünü yaşayıb, ən böyük uğurlar əldə edilib. Atletlərimiz Avropa və dünya çempionatlarında, Olimpiya Oyunlarında fərqlənib, vətənə çoxsaylı medallarla qayıdıblar. Cahangir Əsgərov ağırlıqqaldıranların problemləri və istəkləri ilə daima yaxından maraqlanıb, ən yaxşı şəraitin qurulması, hər bir idmançımıza diqqət və qayğı göstərilməsi üçün əlindən gələni əsirgəməyib.
Bütün ağır atletika kollektivi olaraq prezident Cahangir Əsgərovu ad günü münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, işlərində bundan sonra da müvəffəqiyyətlər arzulayırıq.
Təbriklər, Cahangir müəllim!