İordaniyanın paytaxtı Amman şəhərində keçirilən İslam Həmrəyliyi İdman Federasiyasının 4-cü ağır atletika çempionatı başa çatmaq üzrədir. 2-8 sentyabr 2016-cı il tarixlərində davam edəcək yarışda Azərbaycan ağır atletika yığmasının üzvləri ilə də çıxış edirlər. Kişilər arasında 77 kq çəki dərəcəsində iki idmançımız körpücük üzərinə çıxıb.
Gənc atletimizi Kənan Əliquliyev birdən qaldırma hərəkətində 120 kq, təkanla qaldırmada isə 150 kq-ın öhdəsindən gəlib. Toplam 270 kq (120+150) nəticə göstərən “Lənkəran-Zirvə” təmsilçisi yarışı 7-ci yerdə başa vurub.
Təcrübəli Əfqan Bayramov isə daha yaxşı çıxış edib. “Bakı-Təhsil İdman Mərkəzi”nin atleti birdən qaldırmada 125 kq, təkanla qaldırma hərəkətində isə 171 kq-ı başı üzərinə qaldıra bilib. Toplam 296 kq (125+171) nəticə ilə millimizin üzvü gümüş medala sahib çıxaraq, fəxri kürsününün ikinci pilləsinə qalxıb.
85 kq çəki dərəcəsində Ceyhun Tağızadə mübarizə aparıb. “Lənkəran-Zirvə” təmsilçisi birdən qaldırma hərəkətində 140 kq, təkanla qaldırma hərəkətində isə 175 kq çəkinin öhdəsindən gəlib. Toplam 315 kq (140+175) nəticə göstərən atletimiz yekun sıralamada 5-ci yeri tutub. 94 kq çəki dərəcəsində Rövşən Fətullayev və Nailxan Nəbiyev mübarizəyə qoşulub və uğurlu nəticə əldə ediblər. Sevindiricidir ki, qızıl medal uğrunda mübarizə iki Azərbaycan atleti arasında gedib. Nailxan Nəbiyev birdən qaldırma hərəkətində 147 kq, təkanla qaldırma hərəkətində isə 191 kq-ı ram edib. O, toplam 338 kq (147+191) nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Rövşən Fətullayev isə birdən qaldırma hərəkətində 155 kq-ı başı üzərinə qaldırıb. Altetimizi təkanla qaldırmada 200 kq-a güc gəlib. Toplam 355 kq (155+200) nəticə göstərən Fətullayev bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb.
Atletlərimizi, onların məşqçilərini, həmçinin qələbədə əməyi keçən hər kəsi təbrik edir, gələcək yarışlarda da səslərinin zirvələrdən gəlməsini arzulayırıq! Əhsən, uşaqlar!