Əfqan Bayramov: “Qoy, bu qələbə axırıncı yox, axarıncı olsun!”

Türkiyənin Antalya şəhərində keçirilən Ağır Atletika üzrə Avropa çempionatında qızıl medala layiq görülən Əfqan Bayramovun Azərbaycan Ağır Atletika Federasiyasının rəsmi saytına müsahibəsi:

– Karyeranda ilk dəfə Avropa çempionu oldun. Təəssüratlarını bizimlə bölüşə bilərsənmi?
– Təəssüratlarım çox yaxşıdır. Çünki bu nəticəyə neçə illərdir ki, can atırdım. Hər gün çalışır, məşqlər edirdim, ancaq hər dəfə nəsə çətinliklə üzləşir, nəsə alınmırdı. Odur ki, bu qələbə mənim üçün çox əzizdir. Avropa çempionu olacağımı gözləmirdim. Ona görə də, bu qədər sevincliyəm. Həqiqətən də böyük əziyyət və səbr hesabına qazanılan qələbədir. Məşqçim də mənim bu nəticəyə çatmağım üçün çox çalışıb, həm o həyəcan keçirib, həm mən.
– Yəqin ki, bura gəlməzdən əvvəl çempionluğa ümid etmirdin…
– Avropa çempionatında medal qazanmaq istəyirdim. Sona qədər mübarizə aparıb, ən azı bürünc medal əldə etmək niyyətindəydim. Buna da hazır idim. Düzdür, hər bir idmançı çempionluğu istəyir. Ancaq aza qane olmaq lazımdır ki, çox da gəlsin.
– Qələbənin bu qədər vaxtdan sonra gəlməsi onun dəyərini birə-iki artırır…
– Çox şirindir bu qələbənin dadı. Gözləmədiyim, indiyə qədər keçirmədiyim hissləri indi yaşayıram. İnanılmaz hisslərdir. Hələ də inana bilmirəm ki, mən Avropa çempionu olmuşam.
– Yarışın özü barədə də danışaq. Belə ki, birdən qaldırma hərəkətində 7-ci oldun. Təkanla qaldırma hərəkətinə başlamazdan əvvəl medal şansının da əldən getdiyini düşünmədin ki?
– Yox. Özümü sona qədər mübarizə aparmağa kökləmişdim. Təkanla qaldırma hərəkəti mənim güclü tərəfimdir və burada nəyəsə nail olacağıma əmin idim. Özüm-özümə deyirdim ki, heç olmasa, mükafatçılar sırasında yer alacağam. Buna ürəkdən inanırdım. İdmanda hər şey olur: udmaq da var, uduzmaq da. Ancaq mən ümidimi kəsməmişdim.
– Səni dəstəkləyən insanlara demək istədiyin bir söz varmı?
– Hamıya təşəkkür edir, çox sağ ol deyirəm. İdmansevərlərimizin, xalqımızın dəstəyini üzərimdə hiss edirdim. Burada Azərbaycanı təmsil etdiyimi bilirdim və bu, mənə əlavə məsuliyyət verirdi. Etimadı doğrultduğuma görə sevinirəm. Mən “Neftçi İdman Sağlamlıq Mərkəzi”nin sədri Sadıq Sadıqova, Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti, cənab Cahangir Əsgərova, onun ətrafında olan insanlara, klubumuzun direktoru İsgəndər Əsgərova, eləcə də Azərbaycan Gənclər və İdman Naziri Azad Rəhimova mənə verdikləri dəstəyə görə təşəkkürlərimi bildirirəm. Həmçinin ölkə başçımız, Milli Olimpiya Komitəsinin prezidenti, cənab İlham Əliyevə Azərbaycanda idmana yaratdığı şərait, göstərdiyi qayğıya görə minnətdaram. Çünki onun bizlərə belə dəstəyi olmasaydı, Azərbaycan idmanı belə inkişaf etməzdi.
– Ümid edirik ki, qələbələrin davamı gələcək…
– Bunun üçün əlimdən gələni edəcəm. Qarşıda bizi Olimpiada gözləyir. Məşqlərimə ara verməyəcəm, çalışmalarımı artıracam ki, daha böyük nailiyyətlər qazanım. Qoy, bu qələbə axırıncı yox, axarıncı olsun!

Paylaş
Şərh yaz