2012-ci ildə Usta Ağır Atletlər arasında XXII Avropa çempionatı Lənkəran şəhərində keçiriləcək. Bu barədə Usta Ağır Atletlərin Avropa Komitəsinin Avstriyanın Linç şəhərində 34 ölkənin iştirakı ilə kerilən konqresində qərar qəbul olunmuşdur.
Avropa çempionatına hazırlıq işləri ilə tanış olmaq məqsədilə Usta Ağır Atletlərin Avropa Komitəsinin sədri Vilyam Barton, Dopinqə Nəzarət Komissiyasının katibi Mel Barton, Azərbaycan Ağır Atletika Federasiyasının vitse prezidenti Tofiq Heydərov və Veteran Ağır Atlet İctimai Birliyinin sədr müavini Rizvan Rəsulov 11 avqust 2011-ci il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı cənab Tofiq İbrahimovun qəbulunda olmuşlar. Qəbul zamanı Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışmış, Lənkəran rayonu haqqında məlumat vermiş, 2012-ci ildə keçiriləcək Usta Ağır Atletlər arasında XXII Avropa çempionatının Lənkəran şəhərinə salınmasının heç də təsadüfü olmadığını bildirmişdir. İlk dəfə müstəqil olaraq ölkəmizin 1996-cı ildə dünya olimpiya oyunlarına qoşulduğunu, həmin ildən etibarən Lənkəran ağır-atletləri bugünə qədər keçirilən dünya və olimpiya yarışlarında iştirak etdiyi barədə qonaqlara məlumat vermişdir.
Qəbuldan sonra qonaqlar Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzinə baş çəkmiş və Olimpiya Kompleksi ilə tanış olmuşlar.