5-8 dekabr tarixləri arasında Bakıda keçiriləcək Beynəlxalq Ağır Atletika Federasiyasının IWF Qran-Prix – II Beynəlxalq Bakı Kubokunun açılış mərasimindən sonra mətbuat nümayəndələri üçün konfrans keçirilib. Mərasimdə Beynəlxalq Ağır Atletika Federasiyanın prezidenti Tomaş Ayan, Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Antonio Urso və Azərbaycan Gənclər və İdman Nazirinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının I vitse-prezidenti İsmayıl İsmayılov iştirak edib.
Məlum olduğu kimi, Azərbaycanda hər il 50-yə yaxın beynəlxalq idman yarışı təşkil olunur. Bu, ümumdünya federasiyalarının, beynəlxalq təşkilatların ölkəmizə göstərdiyi etimadın nəticəsidir.
Budəfəki mətbuat konfrasında səsləndirilən bir fikir də bunun daha bir sübutudur. Belə ki, Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Antonio Urso, Azərbaycan Ağır Atletika Federasiyası ilə aparılan danışıqlarda 2017-ci ilin böyüklər arasında Avropa çempionatının Bakıda təşkil edilməsi təklifinin verildiyini qeyd edib. Urso bildirib ki, Azərbaycanda ağırlıqqaldırmanın inkişafı və dolayısıyla da istənilən səviyyədə yarışların keçirilməsi üçün əlverişli şərait var: “Sabahdan etibarən bu istiqamətdə addımlar atmağa başlayacağıq. Ümid edirəm ki, hər şey istədiyimiz kimi alınacaq və çempionat Azərbaycanda təşkil ediləcəkdir. Bu haqda yekun qərarı 2014-cü ildə vermək niyyətindəyik”.